Bu gündən Bakı, Sumqayıt və Abşeronda yerləşən ümumi təhsil müəssisələrinin V-IX siniflərində ənənəvi tədris forması qismən bərpa olunur.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi məktəbə gedir.
Sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, I-IV siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.
Bu gündən məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyəti bərpa olunur.
Qeyd edək ki, sözügedən bölgələr istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Bakı, Sumqayıt və Abşeronda isə 1 fevral tarixindən ibtidai siniflər və məktəbəhazırlıq üzrə ənənəvi tədris qismən davam etdirilir.