Tədris başladı, avtobuslarda sıxlıq artır: metro açılacaqmı?

ÖLKƏ
13:40 / 15.02.2021
785

Kafe-restoranların açılması və ali, orta təhsil müəssisələrində ənənəvi tədrisin bərpası kimi karantin tədbirlərində ciddi yumşaldılmalara gedilməsi, metronun isə fəaliyyətinin bərpa edilməməsi avtobuslarda sərnişin sıxlığının kəskin artmasına səbəb olub. Bir çox şəxslər bildirirlər ki, metro açılmasa, avtobuslara gündəlik olaraq yaranan dəhşətli sıxlıq yoluxma sayında kəskin artıma səbəb ola bilər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən infeksionist Vüqar Cavadzadə bildirib ki, metronun fəaliyyətinin bərpa edilməsi barədə danışmaq hələlik tezdir:

“Ali və orta təhsil müəssisələrində tədrisin başlaması koronavirusa yoluxanların sayında artıma səbəb ola bilər. Qapalı məkanlarda virus daha tez yayıldığından ilkin olaraq yoluxmaların nisbətən artımı bu ayın sonu, gələn ayın əvvəli müşahidə edilə bilər. Baxmayaraq ki, tədris müəssisələrində koronavirus infeksiyasına qarşı kompleks əks-epidemik tədbirlər aparılır, amma yenə də ənənəvi tədrisin bərpası yoluxmada artım yaradacaq. Nəzərə almaq lazımdır ki, şagirdlər, tələbələr koronavirus infeksiyasını daha çox asimptom formada keçirir və bu da yeni yoluxma riskini artırır. Dərslərin başlaması ilə avtobuslarda da artıq ciddi sıxlıq müşahidə olunur. Ümumiyyətlə, avtobuslarda sosial məsafə saxlamaq mümkün deyil. Yoluxmaların artmasında birinci yeri məhz avtobuslar tutur. Amma yenə də metronun fəaliyyətinin bərpa edilməsi haqqında danışmaq tezdir. Metro yüzminlərlə insanın istifadə etdiyi qapalı nəqliyyat növüdür. Buna görə də metroda yoluxma riski avtobuslardan dəfələrlə çoxdur”.

3