Bakıda problemli evlər nə vaxt sənədləşdiriləcək?

ÖLKƏ
16:16 / 15.02.2021
807

Bakıda sənədsiz evlərin sənədləşdirilməsilə bağlı ölkə rəhbərinin tapşırığından 10 il keçir.

2011-ci ilin martında Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib.

2015-ci il yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Ötən il də bu problem yenidən gündəmə gəldi. Prezident İlham Əliyev müvafiq qurumlara tapşırıq verdi, bələdiyyələr bəzi yerlərdə sənədsiz evlərin qeydiyyatını apardı.

Lakin pandemiya, ardınca da Vətən Müharibəsi "sənədsiz evlər” problemini yenə yaddan çıxardı.

Əslində, bu, cəmiyyət üçün cox ciddi problemdir. Çünki 500 mindən çox sənədsiz ev var. Hər evdə də orta statistik göstərici ilə 4 nəfərdən ibarət ailə yaşayır, yəni 2 milyondan çox insan yaşadığı ünvanda qeydiyyatda deyil.

Bu vətəndaşlar Bakı şəhərində və ətraf qəsəbələrdə yaşasalar da, qeydiyyatları ya rayondadır, yaxud da heç bir yerdə qeydiyyatda deyillər. Bu isə vətəndaşlara, eyni zamanda dövlət qurumlarına ciddi problem yaradır, ancaq problem həll edilmir.

Bu da sənədsiz evlərin sahibi olan vətəndaşlarda sual yaradır ki, prezident İlham Əliyev problemin həll edilməsi ilə əlaqədar fərman və dəfələrlə tapşırıq verdiyi halda, mexanizm niyə işə düşmür və problem həll edilmir?

Bu və digər suallara cavab almaq məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, sənədləşdirmə işləri bu ildən davam etdiriləcək:

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə müəyyənləşdiriliş vəzifələr fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması sahəsində mühüm mərhələ təşkil edir. Fərmana əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edildi”, - deyə nazirlikdən bildirilib.

O da vurğulanıb ki, həmin sənədlər qanunvericilikdə öz əksini tapmadığından müvafiq evlərin sənədləşdirilməsi mümkün olmurdu:

"Fərmanın verilməsi bu problemə son qoymaqla yaşayış evləri üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına böyük təkan verdi.

Sonradan Fərmana bir neçə dəfə dəyişikliklər edilərək sənədlər siyahısı daha da təkmilləşdirildi. Fərman əsasında 2015-ci il yanvar ayından etibarən yüz mindən artıq ev sənədləşdirilib.

Hazırda vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş tikililərin, xüsusilə fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsi aktual məsələlərdəndir. Bununla bağlı dövlət başçısının tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində Tədbirlər Planı təsdiq edildi”.

Qeyd edək ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin qeydiyyatını nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq, yerli ekspert komissiyaları formalaşdırıldı:

"Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.

Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. 2020-ci ildə pandemiya (COVID – 19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb, 2021-ci ildən isə inventarlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Hazırda bu problemin həlli istiqamətində addımlar atılır?

Nazirlikdən bildirilib ki, yuxarıda da qeyd olunduğu kimi, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işlərinin 2021-ci ildə davam etdirilməsi planlaşdırılır:

"İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. Qeyd etmək lazımdır ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına (Xəzər dənizinin mühafizə zolaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi torpaqlar, neft-qaz boru kəmərlərinin keçdiyi ərazilər və s.) düşməyən tikililərə aiddir”.
 
 

0
Baku.ws