Məmurların oğurladığı pulları necə geri qaytaraq? 

ÖLKƏ
16:49 / 15.02.2021
1390

Səlim Müslümovun həbsindən sonra Azərbaycanda sabiq məmurların fəaliyyəti yenidən təftiş olunur. Bəzi ekspertlər bu şəxslərin sahib olduqları sərvətin əllərindən alınaraq Qarabağın dirçəldilməsinə yönəldilməli olduğunu düşünürlər. Maraqlıdır, sabiq məmurların əlində olan çoxmilyonluq sərvətin alınması üçün mexanizmlər mövcuddurmu?

Bu barədə Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, bunlar qulağa xoş gələn təkliflər olsa da, çox zaman həddən artıq populizm xarakteri daşıyır. Halbuki ölkədə hər şey qanuna uyğun həyata keçirilməlidir:

“Bolşevizm olmalı deyil ki, heç bir qayda-qanuna əsaslanmadan kimlərinsə əlindən nələrinsə alınmasına start verilsin. İlk əvvəl problem ciddi araşdırılmalıdır. Yəni necə oldu ki, həmin məmurlar bu illər ərzində bu qədər sərvət toplaya bildi və heç kimin də xəbəri olmadı?! Bu ona görə vacibdir ki, gələcəkdə belə hal təkrarlanmasın. Sistemli şəkildə bu məsələyə yanaşılmalıdır. İkincisi,  Azərbaycan qanunvericiliyinə uyğun məhkəmə qərarı olmalıdır. Hansısa bir şəxsin əmlakının müsadirə olunması məhkəmə qərarı ilə olmasa, gələcəkdə bunun başqa formaları da təzahür edə bilər ki, bu da ölkə daxilində ciddi problemlərin yaranmasına səbəb olar. Sözügedən məmurlar 5-6 nəfər deyil. Biz çox zaman hesab edirik ki, cəmi 10-15 nəfərin adı çəkilirsə,  elə söhbət 10-15 nəfərdən gedir. Elə deyil. O insanların illər ərzində qurduğu bir sistem var və bu sistemə hamı hər tərəfdən göz yumur. Minlərlə insan onlar tərəfindən işə düzəldilib. Onlar üçün biznes imkanları yaradılıb və bu isə nəticə etibarilə sonradan vətəndaş qarşıdurmasına qədər gətirib çıxara bilər. Mən də istəyərdim ki, ölkədə sağlamlaşdırma tədbirləri görülsün və nəhayət, bu problemlər köklü həllini tapsın. Yeri gəlmişkən, bununla bağlı bizim təklifərimiz də olub. 2013-cü ildə biz ilk dəfə proqramımızı açıqlayarkən belə bir təklif də vardı ki, ölkədə  maliyyə amnistiyasının tətbiq olunmasının zamanı yetişib”.

Həmsöhbətimiz vurğulayıb ki, maliyyə amnistiyası bu tipli məsələlərin qanuni çərçivədə həll olunması və problemə birdəfəlik nöqtə qoyulmasından ibarətdir:

“Çünki bu gün vəzifədə olmayan, vəzifədən çıxarılan məmurların təftiş olunmasını görürüksə, sabah digər məmurlar vəzifədən çıxarılanda onların da təftiş olunmasına şahidlik edəcəyik. Yəni bu gün keçmiş  məmurlar haqqında bütün məmurlar yazırsa, sabah başqaları işini itirən kimi onlar haqqında da yazacaqlar. Bu, doğru və sağlam təməl yaratmaq üçün kifayət deyil. Məsələnin həlli üçün  maliyyə amnistiyasına, yeni bir Konstitusiya qanununa ehtiyac var. Maliyyə amnistiyası şəraitində bir il vaxt verilə bilər və bu müddət ərzində hamı öz mal varlığını bəyan edər. Qarabağın bərpası və yaxud Rifah Fondu yaradıla bilər ki, o mal varlığından qanuna əsasən, 60-70 faiz vəsait könüllü olaraq oraya köçürülər. Hökumətə də büdcənin formalaşdırılmasında o vəsaitdən istifadəyə qadağa qoyulmalıdır. Yəni hökumət özü çalışmalıdır ki, iqtisadi islahatlar aparsın və büdcəyə əlavə vəsait cəlb eləsin. Həmin vəsait isə Prezidentin və ya yeni yaradılacaq qurumlardan birinin nəzarəti ilə ancaq rifah üçün yeni iş yerlərinin yaranmasına, torpaqların bərpasına, sosial müdafiə xərclərinə yönələ bilər. Bu, qanuni və qalıcı bir çözümdür. Amma bu gün birinin işdən çıxarılan kimi vəsaitini əlindən alsan, sabah da başqasına eyni hərəkəti etsən, onlar da dövlətdən və cəmiyyətdən narazılar toplumu yarada bilər. Nəticədə müxtəlif yollarla Azərbaycan dövləti üçün problemlərə səbəb olarlar. Ona görə də bütün proseslər qanuni çərçivədə həll olunmalıdır”.

0