99 yaşlı şəxs sədr seçildi

16:54 / 16.02.2021
837

Fevralın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının X plenumu keçirilib.

HİT.Az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə nazirliklərinin nümayəndələri, Təşkilatın Rəyasət Heyətinin üzvləri, respublikanın şəhər və rayon veteran təşkilatlarının sədrləri, veteranlar iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədri vəzifəsini icra edən, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın ötənilki fəaliyyətinin yekunları, 2021-ci il üçün tədbirlər planı, təşkilati və cari məsələlər müzakirə olunacaq.

Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. O, ölkəmizin müasir tarixinin ən qüdrətli dövrünü yaşadığını, otuz il düşmən tapdağı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində azad olunaraq əsl sahiblərinə qovuşduğunu bildirib.

Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd olunub ki, Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. C.Xəlilov bildirib ki, 44 günlük Vətən müharibəsi veteranlarının daim diqqət mərkəzində saxlanılması, sosial problemlərinin həlli, onların bilik və bacarıqlarından gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində istifadə Təşkilatın qarşısında duran əsas vəzifələrdəndir. 2020-ci ildə təşkilat respublikamızda pandemiya ilə mübarizədə veteranlara daim dəstək olub və fəaliyyətini sanitar-epidemioloji vəziyyətə uyğun təşkil edib.

C.Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, cari ildə Respublika Veteranlar Təşkilatının qarşısında duran vəzifələrin əsas istiqamətlərini plenum iştirakçılarının diqqətinə çatdırıb.

Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb.

Tədbirdə müzakirəyə çıxarılan məsələlər, eləcə də İkinci Dünya müharibəsinin veteranı Fatma Səttarovanın Təşkilatın sədri vəzifəsinə seçilməsinə dair Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı plenumun səsverməsində təsdiqlənib. Bundan başqa, Respublika Veteranlar Təşkilatının 2021-ci il üçün hazırlanan tədbirlər planı da səsə qoyularaq qəbul olunub. Təşkilatın nizamnaməsində dəyişiklik barədə məlumat verilib, Rəyasət Heyətinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibi təsdiqlənib. İclasda, həmçinin 44 günlük Vətən müharibəsinin bir qrup iştirakçısı Təşkilatın Rəyasət Heyətinə üzvlüyünə qəbul edilib.

Fatma Səttarova Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil etdiyi qurumun dövlətimizin başçısının çağırışlarına cavab verməsi üçün öz təcrübəsindən maksimum istifadə edəcəyini bildirib.

Sonda plenum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Qeyd edək ki, Səttarova Fatma Hüseyn qızı 1922-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə könüllü surətdə cəbhəyə gedib, müxtəlif cəbhələrdə, o cümlədən Moskva ətrafı döyüşlərdə və Leninqrad blokadasında iştirak edib.

0