“50 nəfər qonaq, 3 saat da vaxt…” – Toylarla bağlı mühüm açıqlama

ÖLKƏ
09:00 / 17.02.2021
4645

“Müşahidələrim onu göstərir ki, hansısa qüvvələr məqsədyönlü şəkildə, yaxud da bilmədən COVİD-19 yayılmasında rol oynayırlar. Bu qüvvələr kimlərdir, doğrusu bilmirəm, ancaq əlamətlərini söyləmək mümkündür”.

HİT.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, metronu aylardır bağlı saxlayanlar. “Təsəvvür edin ki, metro bağlı qalır, ancaq iş yerləri açıqdır. Adamlar iş yerlərinə getmək üçün hamısı şəxsi minik avtomobilinə sahib deyillər. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara. 

Bakı Nəqliyyat Agentliyini də qınamalı deyil, bu avtobusların sayını nə qədər artırsa da yenə də tələbatı ödəmək mümkün deyil. Yollarda çox avtobusun olması həm də tıxacın çox olması deməkdir. Çünki ayrıca avtobus yolu düşünülməyib. 

İndi guya ayrıca avtobus üçün zolaqlar ağardılsa da, bu da digər avtomobillərin sıxlığına rəvac vermiş olur. Demək ki, avtobusun içindəki sıxlıqda, dayanacaqlarda saatlarla gözləməli olan vətəndaşların sıxlığında virusun yayılması üçün tam münbit şərait mövcud olur. Demək ki, bu şəraiti yüngülləşdirəcək tək alternativ vasitə metro olduğuna görə onun açılması məqsədəuyğun sayılmır. 

Hər gün minlərlə insanın alış-veriş etdiyi və az qala ağız-ağıza qaldığı supermarketlərdə, iri ticarət müəssisələrində, kafelərdə, restoranlarda tünlük içində virusa yoluxmaq riski daha böyükdür. Lakin heç bir ciddi yoluxma riski olmayan idman zallarında, fitnes salonlarında qapalı rejim hələ də saxlanmaqdadır. Kimlərsə insanların immuniteti gücləndirmək yolu ilə sağlamlığını qorumasını istəmir və inadla bu yerləri bağlı saxlayır. 

Həmçinin, Türkiyədə və başqa müsəlman ölkələrində camilər, məscidlər fərdi ibadətə açıqdır. Əlbəttə, Cümə namazı kimi kollektiv ibadətə imkan verilməsi xeyli riskli olduğuna görə, buna icazənin məqsədəuyğun olmadığını məsuliyyətli insanlarımız qəbul edirlər. Ancaq fərdi qaydada inanclı insanların ibadətinə bu cür məhdudiyyətin qoyulmasının məntiqi izahını tapmaq mümkün deyildir. 

Toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsi də müəmmalı bir yanaşmadı. Hər gün Bakının istənilən Makdonals, Mado və s. kimi iaşə məkanlarına diqqət yetirin, saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki kəllə oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, adamlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, buyurub restoran və ya şadlıq evi sahibini cəzalandırın. Hər şeyin total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil ki?

Vaksinasiyanın zəruriliyi ilə bağlı inandırma prosesi laqeydləşdirmə prosesinə çevrilib və insanlarda hansısa kütləvi həssaslığı sezmək mümkün olmur. Sanki vaksinlərin də geniş şəkildə vurulmasını kimlərsə istəmir və xəstəliklə bağlı qeyri-müəyyənliyin qalmasına daha çox maraqlıdırlar. Kütləvi media quruluşlarında bu məsələ ətrafında mütəxəssislər arasında aydınladıcı müzakirələrin aparılmaması da sanki yuxarıdakı məqsədə xidmət etdir.

Məlumat alırıq ki, mart ayında yeni dalğanın gəlməsi mümkündür. O halda vətəndaşa daha ehtiyatlı davranmaq, təhlükəyə qarşı hazırlıqlı olmaq üçün inandırıcı informasyaları çatdırmaq lazım. Bu barədə susmaq da virusun yeni dalğasına hazırlıqsız yaxalanmamıza rəvac verən hərəkətsizlik aktı kimi anlaşıla bilər”.

4