Metsamor AES bombası - Türkiyə və Azərbaycana ciddi təhlükə

ÖLKƏ
09:20 / 17.02.2021
1243

Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyasının (AES) ciddi təhlükə mənbəyi olması  yenidən beynəlxalq mediada aktual mövzuya çevrilib. Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında qeyd edilib ki, Metsamor AES tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. Vurğulanıb ki, stansiyanın nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsi mümkün olmadığı üçün bu zəruri addım atılmalıdır.

Mütəxəssislər də bildirir ki, köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor AES regional fəlakət mənbəyidir. Bu stansiyada hər hansı ciddi qəza baş verəcəyi təqdirdə, region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadiyyatının ciddi zərər görməsi qaçılmazdır.

Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar Metsamor AES-in bağlanması ilə bağlı Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməli, bu məqsədlə təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdır.

Ermənistan isə bütün çağırışları, xəbərdarlıqları qulaqardına vurur və dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini yerinə yetirmək əvəzinə onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Halbuki Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi dağıntılara səbəb olması ehtimalı çox böyükdür. Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir.

Hətta bir sıra erməni mütəxəssislər də dəfələrlə bəyan ediblər ki, Metsamor AES hər an Ermənistanı və ətraf ölkələri fəlakətlə üz-üzə qoya bilər.

Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün də böyük təhlükə yaradacağı şübhəsizdir.

Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini Serdar Ünalın sözlərinə görə, Türkiyədə mütəxəssislər Metsamor AES-in bilavasitə tektonik qırılma xəttində yerləşməsinə diqqət çəkirlər, bu, bütün region üçün böyük təhlükə yaradır. Yeraltı təkanlar nəticəsində bu AES dağılarsa, qurbanların sayı zəlzələnin özü ilə müqayisəolunmaz dərəcədə çox olar. “Metsamor AES saatlı bomba kimidir, istənilən an partlaya, Ermənistan, Gürcüstan, İran və Azərbaycan üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. 6-7-8 bal gücündə yeraltı təkanlar olarsa, regionda bu AES-in qəzası nəticəsində çoxsaylı tələfat qaçılmazdır. Avropa İttifaqı və AEBA (İAEA) bu stansiyanı dünyadakı AES-lər arasında ən təhlükəli AES adlandırıb”,- deyə, Ünal bildirib. O, Metsamor AES-in dəhşət və beş region ölkəsinin əhalisi üçün ölümcül təhlükə saçdığını qeyd edərək, onu dərhal dayandırmağa çağırıb.

Politoloq Qabil Hüseynli məsələ ilə bağlı “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan müvafiq beynəlxalq təşkilatların, ətraf ölkələrin, xüsusilə də Rusiya və Türkiyənin ciddi təzyiqləri olmadan Metsamor AES-i bağlamayacaq: “Metsamor AES köhnə sovet texnologiyaları əsasında tikilib. 1988-ci ildə 6,9 bal gücündə zəlzələ ilə əlaqədar zədələnib, çatlaqdan radiasiya yayılıb, daha sonra stansiya bağlanıb və təmir işlərindən sonra 1995-ci ildə yenidən açılıb.

Azərbaycan da bu ciddi təhlükəni gündəmə gətirməli, Türkiyə ilə birgə hərəkətə keçməlidir: “Metsamor AES-lə bağlı məsələni bir müddət öncə Azərbaycanla Türkiyə birlikdə Avropa Şurasında qaldırmışdı. Əslində Azərbaycan illərdir Metsamor AES təhlükəsi ilə bağlı dünyaya xəbərdarlıq çağırışları edir. Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər bir sıra böyük beynəlxalq tədbirlərdə, İstanbulda keçirilən Dünya Humanitar sammitində çıxışlarında diqqəti bu məsələnin üzərinə yönəldib və dünya ölkələrini problemin həllində birgə fəaliyyətə çağırıb, təhlükənin nə qədər ciddi olduğunu bəyan edib. Hətta 2016-cı ildə genişmiqyaslı ”Stop Metsamor" kampaniyası başlamışdı. AES-in bağlanması ilə bağlı imzatoplama kampaniyası həyata keçirilmişdi".

Politoloq qeyd etdi ki, Metsamor AES-in bağlanması ilə bağlı Azərbaycanın gördüyü işlərin müəyyən mənada səmərəsi də oldu. Artıq son zamanlar təhlükəni hiss edən qonşu ölkələr və digər dünya dövlətləri tərəfindən Ermənistana təzyiqlər edilir: “Sahə ekspertləri də hesab edirlər ki, Azərbaycan, Türkiyə, Gürcüstan və digər ətraf ölkələr Metsamor AES-lə bağlı fəaliyyətlərini birləşdirib vahid mövqedən çıxış etsələr, təhlükə mənbəyinin bağlanmasına nail ola bilərlər.

Bu tipli təhlükə dünyanın heç yerində demək olar ki, yoxdur. Çernobıl AES də Ermənistandakı kimi idi. Onun tətbiq edilməsini qadağan etdilər. Ermənistanda Spitakda baş verən zəlzələdən AES ciddi xəsarət alıb. Düzdür, onun çatlaq və digər yerlərinin kosmetik təmirlə üst-başını örtdülər. Hətta bu zəlzələnin törətdiyi fəsadlar bu günə qədər də qalmaqdadır. Rusiya orada müəyyən qədər təmir işləri apardı. Amma qoyulan 10 il müddət çoxdan keçib.

Amma atom stansiyalarına nəzarət edən Beynəlxalq Atom Enerjisindən İstifadə Agentliyidir. Azərbaycan artıq bir neçə ildir ora müraciət edib. Bu cür müraciətləri bütün region ölkələri həm ayrı-ayrılıqda, həm də birgə etsələr və təkidli olsalar, düşünürəm ki, Beynəlxalq Atom Enerjisindən İstifadə Agentliyi  Metsamorda ciddi yoxlama aparar. Yoxlamanın nəticəsi isə AES-in bağlanmasının zəruri olduğunu ortaya qoyacaq.

Metsamor AES təkcə istismar müddətinin bitməsi, köhnəlmiş texnologiyaları ilə deyil, istifadə edilmiş yanacaqları müxtəlif terror qruplaşmalarına ötürmək baxımından da təhlükəlidir. Gələcəkdə bunlar bəşəriyyət üçün ciddi təhlükələr yaradar. Bunun qarşısını almaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi hərəkətə keçməli, bəşəriyyəti bu bəladan qurtarmalıdır".

1