Ermənilərin XALÇA FIRILDAĞI - Alim DETALLARI AÇDI (FOTO)

ÖLKƏ
19:34 / 17.02.2021
1312

Erməni mətbuatının yazdığına görə, fevralın 20-də İrəvandakı Aleksandr Tamanyan adına Milli memarlıq muzey-institutunda Şuşa Xalça Muzeyinin sərgisi açılacaq. Məlumata görə, xalçalar muzeyin qurucusu Vardan Astsatryanın şəxsi kolleksiyasına aiddir və 1 noyabr 2020-ci ildə Şuşadan çıxarılıb.

Hit.az-ın məlumatına görə, Sənətşünas Ziyadxan Əliyev Publika.az-a müsahibəsində bildirib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil:

“Başlarını daşa döyürlər, dezinformasiyadır. Güman ki, bununla Azərbaycanı qıcıqlandırmağa çalışırlar. Məsələ ondadır ki, Şuşa Xalça Muzeyinin eksponatları birinci Qarabağ müharibəsi dövründə Şuşa işğal olunmazdan əvvəl Bakıya gətirilib. Bu xalçalar hazırda Xalçaçılıq Muzeyində qorunub saxlanılır.

Bildiyim qədərilə 1992-ci ildə erməni işğalı ərəfəsində Şuşa muzeyləri arasında yalnız Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı öz eksponatlarını tam olaraq xilas edə bilib. Muzey əməkdaşlarının fədakarlığı nəticəsində XIX-XX əsrlərə aid olan 200-dən çox xalça və xalça məmulatı, müxtəlif geyim və zərgərlik məmulatı xilas edilib. Hətta bu eksponatları xilas etmək üçün muzeyin əməkdaşları həyatlarını təhlükə altına atıblar. Muzey sərvətlərinin qorunub saxlanması, təbliği həm fədakarlıq, həm də sevgi tələb edir. Bu fədakarlıq sayəsində bu gün Şuşa mədəniyyətinin, xalçalarının bu zəngin nümunələrini geniş ictimaiyyətə təqdim edə bilirik. Odur ki, erməni mətbuatında yayılan bu cür xəbərlərə etibar etməyə dəyməz”.

Məlumat üçün bildirək ki, Muzeyin Şuşa filialının direktoru Hicran Əliyeva mətbuata verdiyi müsahibələrinin birində o günləri belə yad edib:

“1989-cu ildən filiala rəhbərlik etmişəm. Şuşaya gələn turistlər muzeyə baxmamış oranı tərk etmirdilər. İşğal zamanı Şuşadakı evimdən heç nə çıxarmamışam. Amma muzeydəki eksponatları xilas etməklə tariximizi, irsimizi bu gün, gələcək nəsillər üçün saxlaya bildik”.

0