Nəsimi rayonunda qalmaqal yaşanır.
HİT.Az xəbər verir ki, qalmaqalın səbəbi “Marin Group” və “Gloria Palace” şirkətlərinin qanunsuz əməlləridir. Sakinlər bildirir ki, adıçəkilən şirkətlər onların evlərini məhkəmə qərarı olmadan sökür. Rayon rəhbərliyi isə baş verənlərə müdaxilə etmir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Marin Group” şirkəti barədə hər hansı məlumat yoxdur. Şirkətin vergi uçotuna alınmaması şübhəli görünür.
“Gloria Palace”a gəlincə, şirkət 28 aprel 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 150 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32v, mənzil 3-də yerləşir. MTK-nın qanuni təmsilçisi isə Rəhimli Sənan Mirsabir oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, Sənan Rəhimli həm də "RSM –Tikinti İstehsalat " MMC-nin sahibidir. MMC 10 noyabr 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 5, mənzil 8-də yerləşir.
“Gloria Palace” MTK-nın bundan əvvəl də qalmaqallı olaylarda hallanıb. MTK-nın Nəsimi rayonu ərazisində yerləşən “Şəms” Körpələr Evini yerlə yeksan etməsi barədə iddialar var. Körpələr evinin təsisçisi Şahin Qasımzadə bununla bağlı ölkə başçısına müraciət ünvanlayıb. Mediada da yayılan müraciətdə “Şəms”in təsisçisi bildirir:
“Mən Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 74(54) ünvanda yerləşən “Şəms” körpələr evi və uşaq bağçasının təsisçisiyəm.
Bağça AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında Məktəbəqədər tədris müəssisəsi kimi fəaliyyət göstərir.
Cənab Prezident!
Bu ərazinin torpağı özümə məxsusdur və özəlləşdirilib. Və bağçanın yerləşdiyi bina cəmi 15 il əvvəl Bakı ŞİH-nin sərəncamı ilə tikilib və özəlləşdirilib, yəni şəxsi mülkiyyətimdir. Bağçanın yaxınlığında hündür binalar inşa edən "Gloria Palace" MTK bizə məktub göndərib: “Sizin bina qəzalı vəziyyətdədir, ofisimizə gəlin”.
Cənab Prezident!
Cəmi 5 il əvvəl inşa edilmiş, fundamenti bir neçə metr olan uşaq bağçasının binası necə qəzalı ola bilər?
Bu bina ötən əsrin 30-cu, 40-cı, hətta 70-ci illərində inşa olmayıb, cəmi 5 ildir inşa olunub. Baxın, cənab Prezident, bu MTK sahibləri insanların başına bu oyunları açırlar.
Bütün bunlar azmış kimi gecə bizim xəbərimiz olmadan MTK buldozerlə bağçanın divarını uçurdub, kameraları oğurlayıblar.
Mən bu barədə 102-yə, FHN-ə, Şəhər Arxitektura İdarəsinə, Nəsimi rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsəm də, şikayətimə baxan olmayıb. Təkcə Nəsimi rayon prokurorluğundan gəliblər.
Mən tikinti aparan şəxslərə deyəndə ki, belə olmaz, şəxsi mülkiyyət toxunulmazdır. Mənə deyirlər ki, get hara istəyirsən şikayət elə”.
Maraqlıdır ki, istər evi sökülən sakinlər, istərsə də “Şəms”in təsisçisi baş verənlərdə Nəsimi rayonunun icra başçısı Asif Əsgərovun adını hallandırır. Hətta qanunsuzluq edən şirkətlərin hansısa formada icra başçısına bağlı olması barədə iddialar var.
“Gloria Palace” MTK-nın sahibinin tez-tez dəyişməsi də bu şirkətin şübhəli işlərdə istifadə olunduğu qənaətini yaradır. Sənan Rəhimlidən əvvəl MTK-nın rəhbəri Hikmət Hüseynov adlı şəxs olub. Bu şəxsin Asif Əsgərovla dost olduğu barədə məlumatlar var.
Bir neçə il əvvəl mediada gedən xəbərlərdə qeyd edilir ki, Asif Əsgərov Səbail rayonuna rəhbərlik edəndə, Hikmət Hüseynov həmin rayon ərazisində “Bəhrə” adlı MMC təsis edib. Az sonra şirniyyat istehsalçısı kimi "ad çıxarıb". Rəhbərinin bağışlanmaz günahları ucbatından "Bəhrə" bəhrəsiz qalıb. Müflis olaraq, öz işçilərinin halal zəhmət haqlarını belə verə bilməyib. Hikmət Hüseynovun maliyyə maxinasiyalarına görə məhkumluq həyatı yaşadığı barədə də xəbərlər var.
Asif Əsgərov Nəsimi rayonuna rəhbərli etməyə başlayandan sonra isə Hikmət Hüseynovun onunla birgə “Gloria Palace” MTK-nı yaratdığı bildirilir. Lakin bir müddət əvvəl o, yerini Sənan Rəhimliyə verib. Bu şəxsin əslində proxy fiqur olduğu, şirkəti yenə də Hikmət Hüseynovun idarə etdiyi iddia olunur. Asif Əsgərovun rəhbərlik etdiyi rayon ərazisində “Gloria Palace” MTK-nın qanunsuzluqlarına göz yummasının kökündə də Hikmət Hüseynovla işbirliyinin dayandığı güman edilir.
VÜQAR