“Bərdəyə raket atılan vaxtı mən rayonun “Pojarnıy kruqu” deyilən ərazisində taksi xidməti göstərirdim. Atılan raketlərdən biri düz maşınımın qabağına düşdü. Elə bil ki, mənə Allah güc verdi, özümü maşından çölə ata bildim. Bir ayağımı dizdən yuxarı itirmişəm. Bütün orqanlarım zədələnib, mədəmin yarısını çıxarıblar. Ürəyimin yaxınlığında qəlpə var. Başımdan başqa bütün orqanlarım qəlpə ilə doludur. Sağ əlimin bir neçə barmağı işləmir. Ayağımı əməliyyat ediblər, hələ orada qəlpələr var, yeriyə bilmirəm”.
Bunu “Qafqazinfo”ya ötən il oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini bombalaması nəticəsində zərər çəkən 37 yaşlı Bərdə sakini Şirinov Elçin Həvəskar oğlu deyib. Bir ayağı amputasiya edilən, iki azyaşlı uşağı olan vətəndaş bildirib ki, hazırda heç bir yerdən gəliri yoxdur. E. Şirinov ona eyni zamanda maddi ziyan dəydiyini də vurğulayıb. Bildirib ki, gəlir yeri olan, taksi xidməti göstərdiyi avtomobili tamamilə yararsız hala düşüb. Ermənilərin atdığı raket vətəndaşın rayonun Bakı küçəsində yerləşən evini də qəzalı vəziyyətə salıb:
“Məni ilk dəfə Bərdədə əməliyyat elədilər, ayağım amputasiya olundu. Sonra Mingəçevir xəstəxanasına köçürüldüm və orada bir ay qaldıqdan sonra evə yola saldılar. Həkim gəlib baxıb dərman yazırdı, amma dərmanlarımın heç birini ala bilmirdim. Mən onsuz da iş qabiliyyətimi itirmişəm, bundan sonra işləyə bilməyəcəyəm".
E. Şirinovun sözlərinə görə, ona hələ əlillik təyin olunmayıb. O iddia edir ki, evi zərər görmüş ailələrə verilməsi nəzərdə tutulan 1000 manatlıq ödəniş də ona verilməyib: "Evimin tavanının yarısı yox idi, bütün şüşələr qırılmışdı. Damı, şüşəni qohumlar gəlib düzəltdilər, vaxt gəlib evin şəklini çəkdilər, yazdılar, dedilər narahat olmayın, ödəyəcəyik”.
Bərdə sakini deyir ki, hələ də ürəyinin yaxınlığında və bədəninin digər hissələrində olan qəlpələr onu narahat edir: “Əsnədikdə az qalır ürəyim yerindən çıxsın. Elə bilirəm ürəyimə bıçaq soxub çıxarırlar. Bir ay xəstəxanada müalicə aldığım müddətdə vəziyyətim çox ağır olub. Həddindən çox qan itirdiyimə görə, çoxlu sistem və iynələr vurulub. İndi-indi özümə gəlirəm. Bundan sonrakı əməliyyatlar üçün Bakıya gedib müayinələrdən keçmək lazımdır.
Ayağım amputasiya olunandan sonra qardaşıma veriblər ki, aparıb basdırsın. Bu hadisə ona pis təsir edib və həmin yerdəcə ürəyi partlayıb ölüb. İndi öz uşaqlarımla yanaşı, vəfat edən qardaşımın iki azyaşlı uşağı da mənim himayəmdədir”.
Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirilib ki, artıq Elçin Şirinova müddətsiz ikinci qrup əlillik təyin edilib:
“Bərdə terrorunda ayağını itirən Şirinov Elçin Həvəskar oğlunu ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tİbbi Sosial Ekspert Komissiyasının yerli nümayəndəsi 23.12.2020-ci il tarixində evində müayinə edib, əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət qaydaları izah edilib. Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim komissiyası 07.01.2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənməmiş “Forma 88”i Əlillik Altsisteminə daxil etdiyi üçün göndəriş sistem tərəfindən səhiyyə müəssisəsinə geri göndərilib. Xəstəxana tərəfindən 02.02.2021-ci il tarixində növbəti “Forma 88” Altsistemə daxil edilib və Şirinov Elçinə 2-ci dərəcə müddətsiz (ömürlük) əlillik təyin edilib”.
Nazirlikdən həmçinin bildirdildi ki, E. Şirinov Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunacaq. Hazırda bu istiqamətdə işlər aparılır. O cümlədən, Elçin Şirinovun protezləşdirilməsi də nazirlik tərəfindən həyata keçiriləcək.