“Yeraltı dünya”nın eks-oliqarxı: Tağı Əhmədovun milyonları unudulmayıb 

ÖLKƏ
15:01 / 19.02.2021
1037

Pandemiyadan doğan qadağalar hər nə qədər müzakirə platformalarını zəbt etsə də, sabiqlər də unudulmayıb, gündəmdə “qaynamağa” davam edirlər. Bu günlərdə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin də istintaqa cəlb edilməsi səbəbindən ölkədən çıxışına “stop” qoyulduğu bildirilir. Sabiq nazir Azərbaycandakı həkimləri qoyub Türkiyədəki həkimlərdən imdad diləmək arzusuna düşübmüş.

“Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri Tağı Əhmədovun da xaricdə müalicə arzusunun reallaşmadığı gələn məlumatlar sırasındadır. Belə ki, uzun müddətdir şəkərli diabetdən əziyyət çəkən T.Əhmədov ayaqlarının tutulması səbəbindən Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Daha sonra müalicəsini xaricdə davam etdirmək istəsə də, bu, mümkün olmayıb. Səbəb “istintaq davam edir”. Bu istintaqın nə qədər məmur aparacağı, daha kimlərin qorxudan şəkər tutacağı indilik bilinmir...

Unudanlar üçün qısa xatırlatma: Bir vaxtlar jurnalistlərin mikrofonunu itələyən, çoxsaylı suallarına “əəə, bir-bir dızıldayın”,- deyərək kobudluq nümayiş etdirən “yeraltı dünya”nın ən güclü oliqarxlarından Tağı Əhmədov hələ 2019-cu ildə verdiyi müsahibəsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun buyruqçusu Akif Çovdarovun ondan şantaj yolu ilə 3 milyon manat almasına dair səsləndirdiyi fikirlər birmənalı olaraq cinayət işinin predmeti olmalı idi. Təkcə metro keçidlərindəki ticarət mərkəzlərindən əldə etdiklərini araşdırmaq buna əsas verirdi. Amma qanun şah olsaydı...

Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 206-cı maddəsinin 206.1. bəndində qeyd edilib ki, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Məcəllənin 206.2. bəndinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər. 206-cı maddənin 206.3. bəndinə görə, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçı ya, müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər.

İllərdir ki, feilin vacib şəklinin “malı”, “məli” şəkilçisi dilimizdə kök salıb, xəbər şəkilçili məlumatları görmək müşkülə çevirilib.

Tağı Əhmədovun etirafı...

“Təkrar biliyin anasıdır” deyimindən yola çıxıb hamının bildiyi səbəblərə bir də hüquqşünas mövqeyindən baxmağı qərara aldıq. Mövzu ilə bağlı Modern.az-a şərh verən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, illərdir hüquq siyasətin buxovuna çevirilib, siyasət hüquqa təsir edir:

“Normal ölkələrdə araşdırmalarda cinayət təqibi zamanı hansısa şübhəli məqam müəyyənləşib və etiraf olunubsa, həmin şəxsin korrupsiya ehtimalı yaranıbsa, o zaman paralel araşdırmalar başlanmalıdır. Hətta bizim özümüzün Cinayət Prosessual Məcəlləmiz imkan verir ki, fərqi yoxdur, harada səsləndirilməsindən asılı olmayaraq, istənilən açıqlamadan yola çıxaraq araşdırmlar başladılsın. Faktlar təsdiqlənərsə, cinayət işi açılar, təsdiqlənməzsə açılmaz, bu, artıq başqa məsələdir. Tağı Əhmədov məhkəmədə 3 milyon manat verdiyini etiraf etdi, amma prokurorluq tərəfindən bununla bağlı paralel araşdırma aparılmadı”.

Bəs indiki halda bu, mümkündürmü?

Hüquqşünasın sözlərinə görə, bu faktdan yola çıxaraq, istintaq aparılması mümkündür: 

“Azərbaycanda bəzən elə absurd şeylər baş verir ki, mümkün deyil demək də mümkün deyil. İstənilən halda bu hadisəni əsas götürərək, 10 il sonra da siyasi sifariş olarsa, həmin açıqlamadan hüquqi əsas kimi istifadə edə biləcəklər. Amma indiki halda belə bir siyasi iradənin olduğu haqqında fikir bildirmək çətindir. Çünki bu mənim qiymətləndirəcəyim məsələ deyil. Amma onu bilirəm ki, o dönəm üçün Tağı Əhmədovun metropolitendən sərvət topladığına dair qəzetlər yazırdı. Hətta o, “Azadlıq” qəzetinə qarşı iddia qaldıraraq, məhkəmədə 30 min manatlıq kompensasiya da aldı. Amma sonralar praktika göstərdi ki, onun əmək haqqına nisbətdə qazancları çox olub, hətta gəlirlərindən 3 milyon “suspayı” da verə bilib. Amma araşdırmadılar ki, o 3 milyonu haradan qazanıb, 3 milyon üçün hansı vergini ödəyib. Ən böyük problem qanunla bağlıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dövlət qulluqçularının və məmurların gəlir bəyannaməsi məsələsi öz əksini apıb. 15 ildir Nazirlər Kabineti bununla bağlı heç bir iş görmür. Bu özü bilavasitə qurumun maraqlı tərəf olduğunu və qəsdən məmurlar arasında korrupsiya ehtimalını önlənmədiyini deməyə əsas verir”.

“Azərbaycanda qanunsuz varlanma məsuliyyət yaratmır”

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, hər hansı şəxs barəsində cinayət işi açılması üçün hüquqi əsas olmalıdır:

“Korrupsiya cinayətlərinə görə, şəxs rüşvət verdiyi barədə məlumat açıqlayırsa,  o, məsuliyyətə cəlb olunmur. Azərbaycanda qanunsuz varlanma ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə nəzərdə tutulmayıb. Yəni əlindəki vəsaiti haradan qazandığına dair mənbə göstərə bilmirsənsə, bu, qanunsuz varlanmadır. Korrupsiya əleyhinə cinayətlərdə qanunsuz varlanma ilə bağlı milli dövlətlərə öz qanunvericiklərinə dəyişiklik etmələri tövsiyə olunsa da, Azərbaycanda hələ ki qanunsuz varlanma ilə bağlı hər hansı cinayət məsuliyyəti nəzərdə tutulmur. Ona görə də hər hansı şəxs vəsaitinin mənbəyini sübut etməyə borclu deyil. Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsilə bağlı qanun qəbul edilməsinə baxmayaraq, tətbiq olunmur. Ən azından bununla bağlı qanunvericilik sahəsində boşluqlar var.

Bu məsələlər dünya ölkələrində müxtəlif cürdür. Bir qayda olaraq, vəzifəli şəxslər gəlir deklorasiyasına uyğun olaraq, özünün və ailə üzvlərinin gəlirləri barədə məlumat verir. Bununla bağlı da qanunamüvafiq tədbirlər görülür”.

“Sabiqlərin həbsi yoxlamaların nəticəsidir”

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda bəzi sabiqlərin həbs edilməsi aparılan araşdırma və yoxlamaların nəticəsidir:

“Müxtəlif qurumlar, eləcə də Hesablama Palatası tərəfindən nazirlik və komitələrdə kompleks yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində məlum olub ki, şəxs vəzifədə olarkən, bu və digər mənimsəmə, təyinata uyğun olmayan xərcləmə hallarına yol verib. Yaxud hansısa şəxs satınalmalarda iştirak etdiyini deyib, “otkat” verdiyinə dair məlumatlandırıb. Cinayət işi məhz ümumi məlumatlarla deyil, konkret faktlar əsasında başlanır. Araşdırma aparsaq, bir çox vəzifə tutmuş, tutan şəxslərin böyük imkanlara sahib olduğunu müşahidə etmək mümkündür. Amma qanuna görə “filankəs bu pulu haradan əldə edib” sualı əsasında məsuliyyət yaranmır, konkret faktlar olmalıdır”.

Modern.Az

0