“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
HİT.az xəbər verir ki, daha 2 şəhidimizin yeni doğulan övladlarının, şəhid Elşad Məmmədovun övladı Elşadın, şəhid Emin Ağazadənin övladı Emiliyanın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Bu məqsədlə analara 1 000 AZN təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5 000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.