Beynəlxalq Ana Dili gününə ithaf olunur...
Dil informasiyanın verilməsinə xidmət etsə də, yalnız onun aləti, yalnız ünsiyyət vasitəsi deyil. Dil həm də dünyaya öz sözünü deyə bilmək imkanıdır. Dünya söz istəyir. İbtidai icma dövründə dünya insanların nəzərində küləyin-havanın səs-küyü, dalğanın şappıltısı, yarpaqların xışıltısıyla danışan kimi təsəvvür olunurdu. Dünya ağaclar, torpaq, quşlar, heyvanlar, nəsnələr vasitəsilə danışırdı.
İnsan dili, sadəcə olaraq, fikrin, hissin, istəyin ifadəsi deyil. Dil insanın onu əhatə edən dünyanın səslərinə əks-səda vermək, bu səsləri insan dilində səsləndirmək qabiliyyətidir.
Dahi alman filosofu M. Haydegger dünyaya öz sözünü deyə bilməsinə yardım edən bütün fəaliyyətləri bağbanın işinə bənzədirdi: “bağ salmaq torpağın toxumları və zoğları öz içərisinə qəbul edə bilməsini təmin etmək üçün onun bağlılığını açmaq deməkdir. Eləcə də dil bir növ dünyanı dağıdır, onun öz sözünü deyə biləcəyi yerləri göstərir. Demək və danışmaq eyni şey deyil. Çox danışıb heç nə deməmək olar. Susmaqla çox şey demək olar. Demək - göstərmək, bəyan etmək, həm də qulaq asmaqdır.”
Beləliklə, dildən başqa heç bir yerdə dünya bütövlüklə mövcud deyil. Haydeggerə görə, dil varlığın evidir. Dünya öz sözünü demək istəyir. İndi növbə bizimdir. Dünyanın dildə olması insanı tələb edir. İnsan dünyaya söz verə bilər, özünü büruzə vermək üçün dünya insanı tələb edir. Və insan dünyanı tələb edir, çünki dünyadan başqa heç bir yerdə o, özünü tanımır.
Dildə yalnız tələffüz olunan sözlər yox, hətta sükut da əhəmiyyətlidir. Çünki sükut çox vaxt sözlərdən qat-qat dərindən mənanı üzə çıxır. Hətta tanımadığımız yad dilin nitqi də təmiz səs yox, sözdür, biz onun mənalılığını başa düşürük. Başa düşmədiyimiz sözlə akustik səs-küy arasında mahiyyət baxımından uçurum mövcuddur.
İkinci Dünya müharibəsi zamanı yaponlar Amerika gəmilərini məhv etmək üçün bütün hava donanmasını Sakit okean regionunda səfərbər etdilər. Lakin buna baxmayaraq dəhşətli məğlubiyyətə uğradılar. O zamanlar bunu yaponların zəif təlimi ilə əlaqələndirdilər. Lakin müharibədən sonra psixoloqlar araşdırdılar ki, yaponların məğlubiyyətinin səbəbi dillə bağlı imiş. Çox zəngin və qədim yapon dili mahiyyət etibarı ilə mərasim dilidir. Müharibədə vəziyyət hər dəqiqə dəyişdiyindən, dəqiq və qısa əmrlər vermək lazım gəlir. Yapon dili isə bununla ayaqlaşmadığından məğlubiyyət qaçılmaz olmuşdur. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə həm də dilimizn Hərb dili olmasını sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarındakı ritorika bunun bariz nümunəsidir.
Bütün dünyada müasir mədəniyyətin tendensiyaları dili get-gedə daha yoxsul və ifadəsiz edir. Təmiz şəkildə, ilkin stixiyada dil yalnız poeziyada qorunub saxlanılır. Şairlərdən birinin fikridir: düşüncə də, poeziya da bir vaxtlar "ilkin poeziya"dan yaranmışlar. Fikrin bütün digər ifadə üsuluna nisbətən poeziya ilkin nitqə daha yaxındır. Ümumiyyətlə, düşünmək, poetikləşdirmək, sadəcə, şeir və yaxud mahnı yazmaq yox, öz vasitənlə dilin stixiyasına öz sözünü deməyə imkan yaratmaq deməkdir. Əslində, dil bizdən güclüdür: biz dildə danışmırıq, dil bizim vasitəmizlə danışır. Əsl filosof, əsl şair dilə, onun təmiz səsinə qulaq asır, onu özündə üzə çıxarır və onda onların dedikləri boşboğazlıq yox, yaradıcılıq, dünyanın yeni, hələ bu vaxta qədər görünməmiş tərəfləri açılır.
Bir qayda olaraq belə hesab olunur ki, danışmaq və qulaq asmaq müxtəlif şeylərdir: bir adam danışır, başqası ona qulaq asır. Əslində isə biz yalnız özümüzə qulaq asdıqda danışa bilirik, elə bu dəqiqə sözlərdə ifadə olunacaq sükuta qulaq veririk. Biz özümüzdə hələ deyilməmiş "deyim"ə, sözlərlə, hekayətlə ifadə oluna bilən səssiz səsə qulaq veririk. Əsl nitq hekayədir, hər hansı bir boşboğazlıq dilin ələ salınmasıdır.
Deyim qismində dil insan həyatının melodiyası və eyni zamanda dünyanın bizimlə danışdığı dildir. Biz bu səsin-Allahın səsinin, vicdanın səsinin rezonansında yaşayırıq. Bu səslər təbii gündəlik nitqimizlə münasibətdə ilkindir. Biz bu səsləri eşitməyimiz sayəsində dünyada mövcuduq.
Dil özünə dialektik münasibət tələb edir: Bir tərəfdən sadələşməyi, digər tərəfdən mürəkkəb fikirlərin ən incə çalarlarını əks etdirməlidir. Bir sözlə: mənim dilim, gözəl dildir!
Etibar Əliyev,
Milli Məclisin deputatı