Silahdaşlığın 100 illiyi: gürcülərlə azərbaycanlılar Tbilisi uğrunda çiyin-çiyinə vuruşdular

ÖLKƏ
22:42 / 22.02.2021
1056

1921-ci ilin 18-19 fevral tarixlərində Gürcüstanın azadlığa uğrunda döyüşlər zamanı Tbilisi şəhərini Rusiyanın dəfələrlə üstün olan 11-ci Qızıl Ordusuna qarşı müdafiəsinə Borçalı və Tbilisi müsəlmanlarından ibarət dəstə də qalxmışdı.

Hit.az “Respublika” qəzetinə istinadən xəbər verir ki, dəstənin komandiri Yadigarov müsəlman azərbaycanlıların da Gürcüstanın azadlığı və müstəqilliyinə sadiq olduqlarını bildirib.

Nəticədə azərbaycanlıların yardımı sayəsində Gürcüstan ordusu düşmənin hücumunu dəf edərək əks-hücuma keçməklə Tbilisi şəhərinin süqutunu bir həftə yubatmağı bacardı.

Belə ki, fevral ayının 18-da Rusiyanın 11-ci Qızıl Ordusunun ön hissələri Saqanluqayadək irəliləyib. Gürcüstan ordusu, o cümlədən Borçalı və Tbilisi azərbaycanlıları da gecə boyu bolşeviklərin aramsız hücumlarına qarşı qəhrəmanlıqla müdafiə olunaraq sübhdən əks-hücuma keçərək ciddi müvəffəqiyyət qazanırlar. Geri çəkilən rus hərbi hissələri topa tutulur, 1 600 nəfər əsir götürülür. Beləliklə, Gürcüstan ordusu dəfələrlə üstün olan düşmənə qarşı böyük qələbə əldə edir. Bunun sayəsində fevralın 24-dək paytaxtın təhlükəsizliyini təmin etmək mümkün olur.

Həmin gün rus ordusu ehtiyat qüvvələrini də irəli çəkərək Tbilisi istiqamətində irimiqyaslı hücum əməliyyatına başlayır. Vəziyyətin ciddiliyi nəzərə alınmaqla hökumətin Kutaisiyə təxliyəsinə qərar verilir.

Ayın 25-də paytaxtın başı üzərini böyük təhlükə alır. Qızıl ordunun dəfələrlə üstün olduğuna görə Gürcüstan komandanlığı ordunu qoruyub saxlamaq, habelə dinc əhali arasındakı tələfata yol verməmək üçün paytaxtı tərk etmək qərarını verir. Beləliklə, bir həftə davam edən, gürcülərin və azərbaycanlıların çiyin-çiyinə vuruşaraq dastan yazdıqları Tbilisi şəhərinin müdafiəsi başa çatdı.

Tbilisinin süqutundan sonra Rusiya ordusu martın 4-də Suxumini, ayın 9-da Zuqdidi şəhərini tutur. Martın 10-da bolşeviklər tərk edilmiş Kutaisiyə daxil olur, ayın 14-də isə Poti zəbt olunur. Martın 17-də tərəflər arasında atəşkəs sazişi, 18-də Gürcüstanın təslim sənədi imzalanır. Ayın 19-da isə Batumi dinc şəkildə təhvil verilir.

Gürcüstan ordusunun Sovet Rusiyasının dəfələrlə üstün olan hərbi qüvvələrinə qarşı döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlığa baxmayaraq, müharibə labüd nəticə ilə başa çatdı. Daha əvvəl Azərbaycan kimi Gürcüstan da bolşevik Rusiyasının tam nəzarətinə keçdi.

0