Ağsuda \"örüş qalmaqalı\" böyüyür - Kəndin torpağını satan vəzifəlilər kimlərdir? 

15:52 / 24.02.2021
1809

Ağsu rayonunun Bico kəndində “örüş qalmaqalı” davam edir. 

HİT.Az xəbər verir ki, kənd sakinləri baş verənlər barədə Prezident İlham Əliyevə,  Baş prokuror Kamran Əliyevə, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət xidmətinin rəis əvəzi, Mətin Eynullayevə və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, Rəhman Məmmədova müraciət ünvalayıb. Sənədin bir surəti də redaksiyamıza daxil olub.

Sakinlər bildirir ki, 
2004-cü ildən başlayaraq, kəndin min hektara yaxın örüş və bələdiyyə torpaqları bələdiyyə sədrlərinin qanunsuz qərarları nəticəsində kənar şəxslər tərəfindən zəbt olunub: “Təxminən 200 hektar örüş sahəsi hazırda əkin sahəsidir. Camaat qarşısında heç bir hesabat yığıncaqları keçirməyən bələdiyyə sədrlərinin əhalidən yığdıqları torpaq vergilərini, eləcə də dövlətin hər il ayırdığı birdəfəlik dotasiyaları naməlum istiqamətlərə sərf etmələri bir yana, qanunsuz olaraq icarəyə verdikləri örüş sahələrindən əldə etdikləri gəlirləri də hansı məqsədlər üçün xərclədikləri məlum deyil. Çünki 1999-cu ildən 2021-ci ilədək bələdiyyə sədrləri Bico kəndində bir daşı daş üstünə qoymayıbl, əvəzində kəndin örüş sahələrini, bələdiyyə torpaqlarını dəyər-dəyməzinə kənar şəxslərə satıblar. O cümlədən, otlaq və biçənək sahələrini şəxsi mənfəət üçün qonşu kəndlərin, eləcə də kənardan gətirilən mal-qoyun sürülərinin otdacağına çeviriblər. Kəndin istifadə edəcəyi örüş sahəsi, demək olar ki, qalmayıb. Hətta indiki 71 yaşlı bələdiyyə sədri bir az da qabağa gedərək, sumax bitkisindən ibarət yaşıllıqların kökündən çıxardılaraq, şəxsi əkin sahəsinə çevrilməsinə şərait yaradıb(6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları hadisə yerində olublar) ki, bu da örüş yolunun tamamilə bağlanmasına səbəb olub”.

Sakinlərin sözlərinə görə,  hazırda bələdiyyə sədri kənd icra nümayəndəsi ilə əlbir olaraq, camaatı qorxu altında saxlamaqla, Bico kəndinin gələcəyini qaranlıq quyuya sürükləməkdə davam edirlər: “Sizdən xahişimiz budur ki, kəndimizin örüş sahələrinin və bələdiyyə torpaqlarının qanunsuz olaraq, zor gücünə kənar şəxslər tərəfindən istifadəsinə son qoyulması və yerli əhalinin öz istifadəsinə verilməsi üçün bizə yaxından köməklik edəsiniz. Sizdən bir əsas istəyimiz də var ki, Bico kənd torpaqlarının saxta sənədlər və tarixlərlə satılma səbəblərinin araşdırılmasını Ağsu rayonunda yerləşən aidiyyatı qurumlara yönləndirməyəsiniz. Çünki bu saxtakarlıqlara göz yumanlar həqiqətin ortaya çıxmasında maraqlı deyillər. Bir faktı vurğulayaq ki, 2019-cu ilin oktyabrında Sizin ünvanınıza belə bir məzmunda müraciət göndərmişdik. Müraciətin araşdırılması Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Sənədlərin və Vətəndaşların Müraciətləri İlə İş şöbəsinin müdiri Süleyman İsmayılovun imzası ilə, 21/Kol-3370-148 nömrəli, 07 oktyabr 2019-cu il tarixli məktubla Ağsu RİH-nin başçısına tapşırılmışdı. Amma heç bir araşdırma aparılmadan, əksinə, müraciətdə imzası olan kənd sakinlərinə təzyiqlər göstərilməklə, Ağsu RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Tofiq Kərimovun(hazırda Ağsu RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri) imzası ilə cavab yazıldı ki, guya Bico kəndinin örüş sahələri icarəyə verilməyib və camaatın istifadəsindədir. Təbii ki, həqiqətdən kənar,  yalan dolu bir cavab məktubu idi. Odur ki, xahiş edirik, Bico kənd torpaqlarının saxta sənədlərlə icarə edilməsinə son qoyulması baxımından araşdırılması aidiyyatı nazirlik və ali qurumların əməkdaşları tərəfindən yerində aparılsın və nəzarət, cənab Prezident, Sizin öz əlinizdə saxlansın”.

Vüqar

0