Astarada torpaq sürüşməsi baş verib - FOTO

ÖLKƏ
20:17 / 09.03.2021
1335

Astarada baş vermiş torpaq sürüşməsi 20-yə yaxın ailə üçün təhlükə yaradıb.

HİT.az APA-ya istinadən xəbər verir ki, son aylar qeyri-sabit hava şəraiti nəticəsində rayonun Şümrüd kəndində sürüşmə daha aktiv fazaya keçib. Bir neçə ev qəzalı vəziyyətə düşüb, 150 metr dərinlikdə yarğanlar əmələ gəlib.

Dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə yerləşən Şümrüd kəndində ötən il 9 hektar sahədə torpaq sürüşməsi baş vermişdi. İndi isə sözügedən ərazidə sürüşmələr hər gün artmaqdadır. Təhlükəli vəziyyət 200-ə yaxın təsərrüfatı olan kənddə yaşayan sakinləri narahat edir. Sürüşmə böyük ərazini əhatə etdiyindən qarşısını almaq mümkünsüz görünür. Dolanışıqları arıçılıq və heyvandarlıqdan çıxan sakinlər kəndin digər ərazisində onlar üçün evlər tikilməsini xahiş edirlər.

Məsələ ilə bağlı Astara RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Fəqan Əhmədovildirib ki, hələ sürüşmənin ilkin mərhələsində Astara Rayon İcra Hakimiyyəti tərəfindən olunmuş müraciət əsasında Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri əraziyə baxış keçiriblər:

“Verilən rəyə əsasən, Şümrüd kəndində 9 hektar torpaq sahəsində baş vermiş torpaq sürüşməsinin aktiv fazada olması qeyd olunub. Burada yaşayan əhalinin təxliyə olunması məsləhət görülüb. Burada yerləşən 18 fərdi yaşayış evindən birinin qəzalı vəziyyətdə olduğu bildirilib. Qalan evlərin texniki vəziyyəti qənaətbəxş hesab edilib. Amma hazırda sürüşmə daha da aktivləşib və burada yerləşən torpaq sahələrinin müəyyən hissəsində sürüşmə baş verib. Nəticədə 8 fərdi yaşayış evi üçün təhlükəli vəziyyət yarandığından həmin evlərin sakinləri təxliyə edilib, qohumlarının evlərində yerləşdirilib. Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş ərazidə burada yaşayan vətəndaşlar üçün yüngül konstruksiyalı modul tipli fərdi yaşayış evlərinin tikintisindən ötrü təklif irəli sürülüb və nəticəsi barədə cavab gözlənilir”.

0