II Qarabağ müharibəsindən sonra ölkəmizdə ortopedik protezlərə ehtiyac kəskin surətdə artıb.
HİT.Az xəbər verir ki, buna görə də dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Protez-Ortopedik Bərpa Mərkəzini yaradıb.
Mərkəzin özünün istehsal qabiliyyəti var. Belə ki, xammal xaricdən gətirilsə də, mərkəzdə istehsal edilir. Mərkəzdən verilən məlumata görə, indiyədək 12 qazimiz yüksək texnologiyalı protezlərlə təmin olunub. Qazilərimizin sayı gözə bir qədər az dəyə bilər. Çünki amputasiyadan sonra yaraların sağalması üçün bir müddət sağalmanı gözləmək lazım gəlir.
Onu da qeyd edək ki, amputasiyalardan sonra protez taxılması nəzərdə tutulubsa, illərlə gözləmək lazım deyil. Çünki gecikmələr çox ciddi fəsad yaradır. Əməliyyat olunan nahiyə sağaldıqdan sonra protez mütəxəssisi xəstəni müayinə etməlidir. Yaranın sağalması adətən 1-2 ay davam edir. Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə bu müddət uzana bilər.
Xəstə protez mərkəzinə müraciət etdikdə öncə amputasiyadan sonra hansı prosedurlara əməl etməli olduğu izah olunur, güdülü gücləndirəcək xüsusi idman hərəkətləri öyrədilir. Protezə uyğunlaşmaq fərdi xarakter daşıyır - xəstənin yaşı, aktivlik dərəcəsi və fiziki göstəricilərindən asılıdır. Təxminən 3-6 ay ərzində adaptasiya baş verir. İki ətrafın daha yuxarıdan kəsilməsi halında adaptasiya bir qədər uzun müddət tələb edir.
Medikom Ortez Protez Mərkəzi Azərbaycanda müasir texnologiyalarla protezlərin hazırlanması və tətbiqi ilə məşğul olan ilk və yeganə özəl mərkəzdir. Təsisçisi və direktoru Anar Rüstəmov olan “Medicom Orthopedy” 2005-ci ildən fəaliyyət göstərir. Hazırda mərkəzdə yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrdən cəlb edilmiş ortez-protez ixtisası üzrə təhsilli mütəxəssislər də davamlı olaraq fəaliyyət göstərir.
Aprel döyüşləri əlilləri və bir çox Qarabağ əlilləri Heydər Əliyev Fondunun dəstəyi ilə mərkəzdə yüksək texnologiyalı protezlərlə təmin olunub. Bəs II Qarabağ qazilərinə də mərkəzdə xidmət göstərilibmi?
“Medicom Orthopedy”nin təsisçisi və direktoru Anar Rüstəmov bildirib ki, bu dəfə qazilərin protezlə təminatını dövlət öz üzərinə çəkdiyi üçün onlara müraciət edən olmayıb. “Ancaq məncə, işlər o qədər də sürətli getmir, "hər şeyə hazırıq desələr də" mən tam hazırlıq müşahidə etmirəm. Biz kömək təklif etsək də, bizə ehtiyac olmadığını söylədilər”, - deyə mərkəzin rəhbəri təəssüflə qeyd edib.
Hər bir halda ölkəmizdə çox müasir və peşəkar səviyyədə ortopedik protezlər istehsal edən iki mərkəzin olması sevindiricidir. Dövlət müəssisəsində gecikmə varsa ( yaralı sayı çox olduğu halda, işlər yavaş gedirsə), özəl mərkəzdən dəstək almaq, əl-ələ verməklə yalnız vətən üçün sağlamlığını fəda etmiş qazilərimizi şad etmiş olarlar.
Qeyd edək ki, xaricdən, xüsusən İsraildən qazilərimizin müalicə və müayinəsi üçün mütəxəssislər gətirlir. Artıq uzun illər təcrübəsi olan və beynəlxalq aləmdə tanınan Medikom Ortez Protez Mərkəzi bu məsələdə çox yaxşı yardımçı ola bilərdi. Ümid edrik ki, nazirlik bunu nəzərə alar.