“Dövlətin bizə verdiyi mənzillərə girə bilmirik”.
Bunu Qaynarinfo-ya Siyəzən rayon sakini, Birinci Qarabağ iştirakçısı, ikinci qrup əlil Cəbrayıl Abdullayev deyib. Onun sözlərinə görə, Qarabağ əlilləri üçün tikilən evlərin saysız-hesabsız problemləri var:
“Bizim üçün ayrılan ərazidə 7 ailə mənzillə təmin edilib. Mənzillərin içində problemlərin sayı-hesabı yoxdur. Bunlar cəhənnəmə, bu mənzilləri elə yerdə tikiblər ki, evsiz qalsaydıq, ondan yaxşı idi. Bizə bu evlər şəraitimizin yaxşılaşdırılması məqsədi ilə verilib. Amma mənzillər gölün ortasında tikilib. Hazırda evlərimizə gedə bilmirik, bataqlıqdır. Nə yol var, nə su, nə də kanalizasiya xətləri... Həmin evlərdə yaşamaq mümkün deyil”.
Cəbrayıl Abdullayev məsələ ilə əlaqədar dəfələrlə Siyəzən rayon İcra Hakimiyyətində olduqlarını qeyd edib:
“İcra hakimiyyətinə müraciət edirik. Bizi qəbul edən, dinləyən yoxdur. Bir saat icra hakimiyyətinin binasının qarşısında qaldıqdan sonra şöbə müdirlərindən biri çıxıb deyir ki, “biz sizə yol, su, kanalizasiya çəkən deyilik. Bizə bildiriblər ki, Qarabağ əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 4 sot yer ayrılsın. Biz də yer ayırmışıq”. Hara gediriksə bizi qəbul edən yoxdur. Hətta bir neçə dəfə nazirliyə teleqram vurmuşuq, amma cavabsız qalıb. Kimə deyək dərdimizi, qalmışıq belə. 7 ailənin biri evinə gedə bilmir. 2006-ci idən mənzil növbəsindəyəm. 30 ildir ki, yol gözləyirəm, axırda da mənə gətirib bataqlıqda ev veriblər”.
Qarabağ əlili sonda aidiyyatı qurumlardan dəstək istəyib: “Bizə kömək edin”.