Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən isə oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisi, Vətən eşqi ilə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyuşür. Vətən üçün can əsirgəmir, şəhadətləri ilə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun "Ölüm var ki, həyat qədər dəyərli" misrası bu məqama nə qədər məna verir.
Hər bir insan doğulur, yaşayır və əbədiyyətə qovuşur. Lakin çox az insan sadəcə, yaxınları tərəfindən deyil, böyük xalqı, çoxsaylı kütlə tərəfindən xatırlanaraq, ehtiramla yad edilir. Belə qismət çox az adama nəsib olur. O insanlara ki, işlərinə, sənətlərinə, ürəklərini, fikirlərini, bütün xəyallarını və arzularını bağlayırlar. Məhz o insanlar, dövrlər, illər keçsə də, xatırlanaraq yad edilirlər. Çünki onlar addımladıqları yollarda əbədi iz qoymağı bacarmışdılar. Onlardan biri də kapitan İsmayılov Elçin Mübariz oğludur.
Xüsusi Təyinatlı Qüvvələrin zabiti, qərargah rəisinin müavini, kəşfiyyatçı, Döyüşü idarə edən komandir şəhid kapitan İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. Atası İsmayılov Mübariz Pəhlivan oğlu, anası İsmayılova Dilşad Ələm qızı, qardaşları İsmayılov Nurlan və İsmayılov Elvin. Elçindən ilhamlanaraq, vətən sevgisi ilə böyüyən qardaşlar sonralar Silahlı Qüvvələrin sıralarına daxil olurlar.
Elçin 1995-ci ildə Ucar rayonunda 1 saylı orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək Heydər Əliyev adına Azərvaycan Ali Hərbi Məktəbinə qəbul olub.
O, uşaqlıqdan öz Vətənini, Bayrağını hər şeydən üstün tutur, çox sevirdi. Məhz buna görə də öz karyerasını hərbə bağlayıb.
Qeyd edək ki, Elçinin ən çox sevdiyi fənlər tarix və hərbi dərslər idi. Hətta məktəbdə hərbiyə, Vətənə aid bütün tədbirlərdə fəal iştirak edir və 1-ci yerə laiq görülürdü. Məsələn, onun iştirak etdiyi "Cəsurlar” (1998-ci il) və "Şahin” (1996-cı il) adlı hərbi-idman oyunları VII-VIII, X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən idi. Bu oyunlar böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə keçirilirdi. Həmin tədbirlərdə aktiv iştirak etdiyinə görə gənc həvəskar çoxlusayda Fərxi Fərman, təltiflərə və s. layiq görülmüşdür.
Elçin Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdir. Xocalı faciəsi 3 yaşlı Elçinin sonrakı həyatında da iz qoymuşdur. Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxanda onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə yalnız azərbaycanlı olduğuna görə erməni cəlladlarının işgəncələr verərək öldürdüklərini görəndə həmişə deyirdi ki, bir gün mən sizin qisasınızı alacam! Və dediyi kimi də oldu, onların qisasını aldı!
2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi motoatıcı tağım komandiri vəzifəsi üzrə bitirmişdir. Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə Zabitlərin təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət etmək üçün göndərilmiş və oranı "Əla" nəticə ilə tamamlayıb.
2011-ci il iyul ayının 24-də Ağcabədi rayonunun "N” saylı hərbi hissəsinin V motoatıcı taboruna taqım komandiri kimi xidmətə yollanıb. Həmin hərbi hissədə bir müddət işlədikdən sonra könüllü olaraq 2011-ci ilin noyabr ayında 2012-ci ilin aprel ayının sonuna qədər Xüsusi Təyinatlı Qüvvələrə öz adını yazdırıb. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsindən 300 nəfərdən 19 nəfər uğurla keçib və həmin 19 nəfərin arasında İsmayılov Elçin də vardı. Xüsusi Təyinatlı Qüvvələrə daxil olduqdan sonra dəfələrlə Turkiyədə hərbi təlimlərdə iştirak edərək bütün imtahanlardan uğurla keçmiş, Fəxri Fərman və medallarla mükafatlandırılmışdı.
2012-ci ilin iyul ayının 8-də "052” saylı hərbi hissəyə qrup komandirinin müavini, 2014-cü ilin mart ayında isə "052” saylı hərbi hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmət edib.
2012-ci ilin oktyabr ayının 7-də Şəhidimiz Elçin ailə həyatı qurub. Gözəl təməli qoyulmuş ailədən iki oğlan övladı, 8 yanvar 2014-cü ildə Ömər və 24 may 2016-cı ildə isə Mübariz dünyaya gəlib.
Ömər bu il 1-ci sinfə daxil olmuşdu. Çox təəssüflə qeyd etmək istəyirəm ki, atası müharibədən öncə keçirilən təlimlərdə iştirak etdiyinə görə oğlunun 1-ci sinfə getdiyini görə bilməmişdi.
Qəhrəman hərbçimiz 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə, 2016-ci ildə isə Talış kəndi istiqamətində gedən döyüşdə (Aprel döyüşlərində) fəal iştirak edib.
Lakin onlar - kəşfiyyatçılar gözə görünməz qəhrəmanlardır. Ona görə heç bir mənbələrdə onların adları çəkilmir, çünki düşmən "kabusu” tanımamalıdır. Həmin ildə qardaşı Nurlan da Aprel döyüşlərində iştirak edib.
2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində yüksək göstərici ilə "Special Operations Training” kursunu uğurla keçərək sertifikatla təltif olunur.
2018-ci ilin iyul ayında Türkiyə Respublikasında "Anadolu Tatbikatı” təlimində iştirak edir.
2019-cu ilin iyul ayında isə Pakistanlı təlimatçılar tərəfindən Giləzi Tədris Mərkəzində "Dağlarda döyüş” kursunu bitirir.
Uzun müddətli təlimlərdən və hazırlıqlardan sonra 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə II Böyük Vətən Müharibəsində döyüş komandiri olub. İlk olaraq Murov dağ zirvəsinin fəthində fəal iştirak edir. Daha sonra Cəbrayıl rayonunun işğaldan azad edilməsində iştirak edir və 4 oktyabrda Cəbrayıl azad ediləndən sonra ilk bayraq sancan şəxslərdən biri döyüşü idarə edən komandir kapitan İsmayılov Elçin Mübariz oğlu olub. Ermənilərə olan nifrətini həmin döyüşlərdə erməni polkovnikinin başını kəsərək qulağına "sənə Poladın qanını gətirdim!" deməklə bildirir.
Təkbətək döyüşdə Ermənistan Silahlı Qüvvələrinin 23 yüksək rütbəli zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbiçisini və çox sayda döyüş texnikasını məhv edir.
Qeyd etmək istəyirəm ki, İsmayılov Elçinlə bərabər II Qarabağ savaşında qardaşları Nurlan və Elvin də ön cəbhədə Vətən uğrunda döyüşüblər.
Qəhrəmanımız məhz toy gününə təsadüf edən tarixdə - 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə silahdaş yoldaşlarını, idarə etdiyi qrupu xilas edərək özü snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 8 oktyabrda Ucar rayon Şəhidlər Xiyabanında dəfn edilir.
Şəhid Kapitan Elçin İsmayılov ölümündən sonra müharibə zamanı göstərdiyi qəhrəmanlığına görə "Vətən uğrunda”, Cəbrayılın, Kəlbəcərin işğaldan azad edilməsi uğrunda əməliyyatlarda igidlik və şücaət nümayiş etdiyinə görə "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Elçin İsmayılov savadlı, intellektual səviyyəsi yüksək, bir çox xarici və ən əsas da düşmən dilini bilən bir insan kimi tanınır. O, daxilən utancaq, azdanışan, Vətəni sevən və Tanrıya bağlı bir insan idi. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı. Onun ətrafındakı insanlar tərəfindən də məhz belə xüsusiyyətlərinin zənginliyinə görə sevilirdi. İnsan ona ayrılan həyatın qismini yaşadıqdan sonra əbədiyyətə qovuşur, toxunduğu hər şeydə öz enerjisinin hissəciklərini qoyub gedir.
Onun da özündən sonra xalqına, elinə əmanət qoyduğu iki övladı var. Əminik ki, bu nur üzlü balalar da atalarının həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirəcəklər. Elçin İsmayılovu xatırlayırlar. Adı çəkildiyi zaman onunla az və ya çox təmasda olan hər kəsin ürəyi yerindən oynayır. Mehriban, incə yumor hissinə malik, hərtərəfli inkişaf etmiş cəsur insan...
Yeganə Mirqeys qızı Mövsümova
Azərbaycan Milli İ̇ncəsənət Muzeyinin elmi araşdırmalar söbəsinin elmi işçisi, sənətşünas