Bu gündən etibarən “AzerGold” QSC qızıl və gümüş sikkələrin, həmçinin qızıl külçələrinin qiymətini aşağı endirib.
Oxu.Az-ın əldə etdiyi məlumatına görə, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yerli qızıl və gümüşdən istehsal olunaraq pərakəndə bazara çıxardığı qızıl və gümüş sikkələrin, eləcə də qızıl külçələrin satış qiymətlərinə yenidən baxıb.
Dövlət şirkəti istehsal etdiyi məhsulları bu gündən daha aşağı qiymətlə satışa çıxarıb. “AzerGold”un pərakəndə bazara çıxardığı məhsulların qiyməti əvvəlki qiymətlərlə müqayisədə 18 faiz daha ucuzlaşıb. Sözügedən sikkə və külçələr Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədənindən hasil edilmiş qızıl və gümüşdən hazırlanır.