Niyaz Niftiyevin məhkəmə prosesi təxirə düşdü

23:17 / 19.03.2021
1050

Ötən ilin aprelində həbs olunan Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyevin bugünkü məhkəməsi təxirə salınıb.

HİT.az Bakupost.az-a istinadla xəbər verir ki, növbəti məhkəmə prosesi aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N.Niftiyev imzası var.

Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

0