28 mart Onların günüdür. Amma təkcə onların yox. Həmin gün həm də qəlbi Azərbaycan sevgisi ilə döyünən hər bir soydaşımızın qürur və güvən günüdür.
Xalq və dövlət olaraq təhlükəsizliyimizin qarantıdır, onlar. Ən çətin və çıxılmaz tarixi anlarda belə sayıqlığını itirməyən, DÖVLƏTİN və BAYRAĞIN müqəddəsliyini, toxunulmazlığını qoruyan Azərbaycan kəşfiyyatçısının, əks kəşfiyyatçısının, Dövlət Təhlükəsizlik Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının hər bir əməkdaşının bayramıdır, bu gün...
Tarixi arayış: 28 may, 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.
Hazırki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunduğundan, Təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlarımızın də əsasını bu tarix təşkil edir. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.
1967-ci ildə Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Ümummilli lider Heydər Əliyev hələ SSRİ zamanında qurumda milli kadrların yetişdirilməsi, onların irəli çəkilməsi işinə böyük əhəmiyyət vermişdir. Elə bunun nəticəsidir ki, artıq Azərbaycanın müstəqil dövlət kimi bərpasına tarixi şərait yaranan kimi həmin kadrların bilik və bacarığından istifadə edilmişdir. Başqa sözlə, Heydər Əliyevin yetirmələri olan həmin milli kadrlar dövlət quruculuğu prosesinin ön sıralarında yer almağa başladı.
Ölkəmiz müstəqillik qazandıqdan sonra da qurumun fəaliyyəti bir məqsədə tabe etdirilmişdi – Azərbaycan dövlətçiliyini qorumaq, daxili və xarici təhlükələrə qarşı gərəkən addımları atmaq...
Tarixi keşməkeşlərlə zəngin olan müstəqillik tariximizdə Xüsusi Xidmət orqanları əməkdaşlarının əməyi danılmazdır. O başqa məsələdir ki, qurumun spesifikası elədir ki, biz indi həmin fəaliyyətin təfərrüatları ilə bağlı tam məlumatlı deyilik. Amma hər şey tarixdə qalır və gələcəkdə bu günümüzlə bağlı həqiqətlər ortaya çıxanda xalq öz qəhrəmanlarını tanıyacaq. Hələliksə onlar bizim GİZLİ QƏHRƏMANLARIMIZDIR.
Həmin qəhrəmanların istər Vətən Müharibəsi zamanı, istərsə də möhtəşəm qələbəmizlə başa çatan müharibədən sonrakı mərhələdə etdiklərini isə gələcəkdə bədii əsərlərdən oxuyacaq, filmlərdən seyr edəcəyik. Qürurlandığımız məqamsa odur ki, adlarını bilməsək, üzlərini tanımasaq da biz həmin qəhrəmanlarla eyni tarixi zamanda yaşayırıq.
Dövləti yaşadanlarla eyni zamanda yaşamaq isə olduqca qürurvericidir!
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən istər iqtisadi, istər siyasi, istərsə də hərbi layihələr bu dövlətin yaşamasına, bu xalqın daha xoş güzəran keçirməsinə hesablanıb. Amma nə yazıq ki, bunu gözləri götürməyən, dövlətçiliyimizə düşmən kəsilən daxili və xarici güclər hər zaman marıqdadır.
Xüsusi Xidmət Orqanlarımız isə məhz belələrinin qorxunc röyasıdır.
Bu gün Xüsusi xidmət orqanlarımızın yüksək peşəkarlığı hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradır. Bəli, biz əminik ki, hansısa təhlükə varsa belə, onu həll edə biləcək GÜCÜMÜZ də var və bu gücün adı Dövlət Təhlükəsizlik Xidmətidir!
Eləcə də Xarici Kəşfiyyat Xidmətinin xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyət xüsusilə qeyd olunmalıdır. Burada əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır.
Dövləti canlı orqanizm kimi təsəvvür etsək, Dövlət Təhlükəsizlik Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti eləcə də Xarici Kəşfiyyat Xidməti bu orqanizmin ağrıyan hər nöqtəsinə müdaxilə edir.
Məmur özbaşınalığı və korrupsiya? – DTX-nin xalq arasında "qara maskalılar” kimi tanınan qüvvələri dərhal hərəkətə keçir və dövlət əmlakını amansızlıqla mənimsəyənlərin qandallanmasına şahidlik edirik. Təsadüfi deyil ki, xalq bu gün həmin "qara maskalılar”a "ağ atlı oğlan” nəzərləriylə baxır, əmindir ki, gec ya tez ölkədəki bütün neqativ halların qarşısı məhz onlar tərəfindən alınacaq.
Terror təhlükəsi?– Xalqımız əmindir ki, onu bu təhlükədən qoruyan gizli qəhrəmanlar var. İnanır ki, hər gün dünənə nisbətən daha da güclənən Azərbaycan kəşfiyyatı hər şeyi görür və bilir...
Qarabağda antiterror əməliyyatı? – Yenə əminik və inanırıq ki, bu müqəddəs torpaqları işğaldan azad edən GÜC Qarabağın hər bir nöqtəsində asayişi də bərpa edəcək. Nə zaman? Axı, həm də onu bilirik ki, bizim nəyi, nə zaman edəcəyini bilən LİDERİMİZ və onun gizli qəhrəmanları var...
Odur ki, bu dövlətdən də, bu dövlətin gələcəyindən də arxayınıq.
Bu gün Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Ulu Öndərimizin son vəsiyyətini başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla Azərbaycan ordusu reallaşdırıb. Azərbaycanın işğaldakı torpaqları azadlığa qovuşub.
Qarşıda dayanan yeni hədəf daha da inkişaf etmiş Azərbaycandır. İşğaldan azad olan hər bir qarış torpağımızı dünyanın ən gözəl məkanlarına çevirməkdir.
Əminik ki, bu müqəddəs yolda Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti hər zaman Prezidentimiz İlham Əliyevin məğrur siyasəti və xalqımızın gözləntiləri ilə vəhdət təşkil edəcəkdir.
Təbrik edirik.
Özal Məmmədov
Sfera.az saytının baş redaktoru