Suraxanı RİH-də qazilərə vəzifə verildi - FOTO

ÖLKƏ
15:57 / 01.04.2021
1167

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

HİT.Az xəbər verir ki, RiH başçısının müvafiq əmrinə əsasən yeni yaradılmış şöbənin müdiri vəzifəsinə 1977-ci il təvəllüdlü, 2008-ci ildə Tərtər istiqamətində düşmən təxribatının qarşısının alınması zamanı yaralanmış, həmçinin Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Hüseynov Elmar Etibar oğlu təyin edilib. O, xidmət etdiyi illərdə qüsursuz xidmətə görə 1-ci dərəcəli medalı, 2-ci dərəcəli medalı, 3-cü dərəcəli medalı, Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

“Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin böyük məsləhətçisi vəzifəsinə isə 1987-ci il təvəllüdlü, Vətən müharibəsində sol ayağını itirmiş kapitan İslamov Qurbanəli Məzahir oğlu təyin edilib. O, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı, Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirib, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

RİH başçısı Əziz Əzizov Vətən müharibəsində böyük hünər, qəhrəmanlıq göstərən hər iki hərbi qulluqçunu qəbul edərək onlara yeni fəaliyyətlərində uğurlar, dövlətə və dövlətçiliyə hər zaman sadiq olmağı arzu edib. 

0