Qarabağ müharibəsinin dönüş nöqtəsi - Aprel zəfəri

ÖLKƏ
15:49 / 02.04.2021
1675

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş aprel döyüşlərinin 5-ci ildönümüdür. Müdafiə Nazirliyinin Aprel döyüşləri ilə bağlı hazırladığı videsüjetdə general-mayor Mais Barxudarov bildirmişdi ki, Lələtəpə yüksəkliyi uğrunda döyüş təxminən 40 dəqiqə davam edib.

“Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək”,- deyə Bərxudarov  xatırlayır.

Bu igidlik dastanı barədə danışan canlı əfsanə, general-mayor Hikmət Həsənov isə bildirib ki,  Azərbaycan ordusunun hərbçilərini dayandırmaq olmurdu. Onlar irəliləyərək işğal olunmuş bütün torpaqları azad etmək üçün fədakarlıq göstərirdilər.

Ermənistanda  dövlətə qarşı etirazçılar,  Azərbaycanla 5 öl öncə baş vermiş Aprel döyüşlərini Qarabağ hadisələrində dönüş nöqtəsi kimi qəbul edirlər. “Bu döyüş Qarabağın dağlıq anklavı üzərində davam edən mübahisə ilə bağlı ən sonuncu paraqrafdır”,- deyə hələ 44 günlük müharibədən öncə erməni mətbuatı yazmışdı.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, Aprel döyüşləri ermənilərə tərs bir şillə oldu, bununla erməniçilik ideologiyasına ağır bir zərbə dəydi.

“Azərbaycan Ordusunun şanlı Aprel zəfərindən 5 il ötür. Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel ayındakı dördgünlük döyüşdə çox böyük qəhrəmanlıq göstərdi. Qəhrəman ordumuz Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri ilə düşməni darmadağın etdi, onu geri oturtdu, ağır itkiyə məruz qoydu. Erməni hərb maşını, erməni ordusu haqqında mif yerlə-yeksan oldu. 

Döyüşlər zamanı Azərbaycan ordusu çox önəmli yerləri düşmən nəzarətindən azad etdi. Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Bütün bunlar atəşkəsin imzalanmasından sonra ordumuzun əldə etdiyi çox böyük bir üstünlük idi. 

Bu döyüşlərə qədər Ermənistan və erməni diasporu, xarici dövlətlər Azərbaycanın öz haqqından, ona məxsus olan ərazidən əl çəkəcəyini, buna məcbur ediləcəyini güman edirdilər. Baş verənlər isə göstərdi ki, Azərbaycan dövləti, ordusu və xalqı torpaqlarını geri qaytarmaq əzmini qətiyyən itirməyib. Bu döyüşlər, eyni zamanda, erməni hərbi gücü haqqında formalaşdırılmış mifi də darmadağın etdi. Ermənilər 90-cı illərdə Rusiyanın köməkliyilə qazandıqları qələbədən məst olmuşdular, ancaq Aprel döyüşləri onları oyatdı. Eyni zamanda, burada əldə edilən nəticə xalqımızın qələbəyə, torpaqların qayıdacağına olan inamını daha da artırdı. 2020-ci ilin 27 sentyabrında o inam və əzmlə 44 günlük müharibədən sonra topraqlarımız işğaldan azad edildi, erməni hərb maşını və erməniçilik ideologiyası yerlə bir edildi”,- deyə o qeyd edib.

Lələtəpənin azad edilməsi ilə Cocuq Mərcanlıda  həyat qaynamağa başladı və bu böyük qayıdışın ilk qaranquşu oldu.

Qeyd edək ki, 2016-cı il aprelin 19-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, yeddi üzvü “Azərbaycan Bayrağı” ordeni, bir üzvü 2-ci dərəcəli və dörd üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, iki üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

İlhamə

0