Tibbi sığortanın bilinməyənləri – Daha heç kim xəstə “oğurlamayacaq”

ÖLKƏ
13:16 / 05.04.2021
1039

Azərbaycan səhiyyəsi inqilabi bir yeniliyə imza atdı, ölkə miqyasında icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Bununla hər bir vətəndaşımız üçün səhiyyə sistemi əlçatan olacaq, tibb təhsilinin keyfiyyəti yüksələcək, həkimlərə inam və sayğı artacaq, dərmanlardan sui-istifadə və bundan qaynaqlanan neqativliklər yavaş-yavaş sona çatacaq. İşlədikcə bütün çatışmazlıqlar aradan qalxacaq, bütün inkişaf etmiş dünya bu prosseslərdən keçib. Ümid edək ki, biz də bütöv dünyanın parçası olaraq ən yaxşı nəticə göstərənlərə bənzəyəcəyik".

Bu fikirləri HİT.Az-a həkim Turanə Rəsulova deyib. 

“Bütün vətəndaşlardan ilk xahişim, mütləq ailə həkiminizin kim olduğunu öyrənin. Hər hansı şikayətiniz olsa (təcili vəziyyətlər istisna olmaqla) ailə həkiminizə müraciət edin. Məsələn, başınız ağrıyır, baş ağrısının müxtəlif səbəbləri ola bilər. Ailə həkiminiz ilkin diaqnozu müəyyənləşdirib ehtiyac varsa, sizi ixtisaslı mütəxəssisə yönləndirəcək. Tutaq ki, beyni MRT etdirmək lazım gəldi, özəl xəstəxanalarda çox bahalı olan bu görüntüləmə yöntəmi təmənnasız çəkiləcək və nəticəyə görə ya invaziv radioloji əməliyyat ediləcək, ya da müalicə yazılacaq və dərmanlarınızı aptekdən pulsuz alacaqsınız. Ailə həkiminizə xidmət haqqı ödəmirsiz. Aylıq maaşlardan tutulan sığorta haqqı hesabına onun maaşı formalaşır”.

İcbari tibbi sığorta barədə sadə dillə maarifləndirmə aparan həkim bu metodun tibb təhsilinə və həkimlərə faydası barədə də danışıb.

“Doğrudur, hər xəstə və ya əməliyyat başına özəl xəstəxanalardakı məbləğdən dəfələrlə az pul hesablanacaq, amma ayda 3 əməliyyat yerinə, gündə 5 əməliyyat edən həkimin ay sonunda aldığı maaş heç də az olmayacaq. Xəstə sayı çox olacaq və xəstə həkimə pul ödəməyəcək deyə, dövlət və universitet xəstəxanalarında çalışan, eyni zamanda kafedranın işçiləri olan həkimlər öz iş yüklərini azaltmaq üçün tələbələrə bildiklərini daha yaxşı və sürətlə öyrədəcək. Tələbələr onlardan xəstə "oğurlayacaq" potensial düşmənə çevrilməyəcək. İcbari tibbi sığorta "həyatım zəmanət altındadır" hissi verəcək “, - deyə həkim bilidirib.

Bəzi məqamlara diqqət çəkməklə gələcəkdə baş verə biləcək anlaşılmazlıqlar barədə də bir neçə kəlmə.

İstədiyimiz xəstəxanaya gedə bilərikmi? Xeyr, harda qeydiyyatdasınızsa, o rayonun dövlət xəstəxanasına müraciət edə bilərsiniz.

Bəs mən tutaq ki, Gəncə qeydiyyatında olub Bakıda xəstələnmişəmsə, nə etməliyəm?

Cavab: Sığortanın tətbiq olunması üçün xüsusi arayış almalısınız ki, həqiqətən də siz Bakıda yaşayırsınız. Qeydiyyatda olduğum klinikanın həkiminin peşəkarlığından məmnun deyiləmsə, hansısa özəl xəstəxanaya gedə bilərəmmi? Bax bu sualın cavabı bir az spekulyasiyalara əl yeri qoyur. Ailə həkimləri ilə ixtisas həkimləri öz aralarında danışıb istədikləri həkimə çoxlu göndəriş verə bilərlər. Başqa xəstəxanaya yalnız sahənizdəki həkim göndəriş yazıb versə gedə bilərsiz. Yəni, dədə-baba qaydasıyla həkimə “şirinlik” verilsə, sizi istədiyiniz yerə göndərəcək.

Hər başlanğıc asan olmur. Xətalar yəqin ki olacaq. Azərbaycanda tibbi sığortanın bizə nələr verəcəyini görməyimiz üçün bir balaca zamana ehtiyacımız var. Həkimlərimizin savadlılığı, peşəkarlığı yüksələrsə, xüsusi tanış həkim axtarmağa sadəcə gərək qalmayacaq.

İlhamə

1