Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istiqamətində işlər davam edir. Bu yolda ölkəmizdə ən uzun asma körpü və ilk dəfə yeraltı tunel çəkiləcək. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol olacaq.
HİT.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Tikinti sahəsi üzrə 1 tunel, 1 asma körpü olmaqla, 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdimançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Üç körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay üzərindəki körpülər isə 4 zolağa uyğun layihələndirilib. Bundan başqa, yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb, yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.
Layihə rəhbəri Zahir Həsənovun sözlərinə görə, layihələndirilən yolun 4,5-ci kilometrliyində Ağsu çayı üzərində 1135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpü layihələndirilib. Yol Ağsu çayı üzərindəki körpüdən sonra uzunluğu 865 metr olan yeraltı tuneldən keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına bu yol 2,2 kilometr qısalır.
“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci kilometrliyində Ağsu çayı üzərində yerləşən asma körpünün inşasını həyata keçiririk. Körpünün ümumi uzunluğu 1135 metr, hündürlüyü çay səviyyəsindən 76,5 metr, asma qüllələrin hündürlüyü isə 142 metrdir. Eyni zamanda, yol 4 hərəkət zolağından ibarətdir. Körpünün bu parametrlərdə layihəndirilməsində əsas məqsəd mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolamacların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını mümkün qədər almaqdır”, - deyə o qeyd edib.
Yolun Ağsu çayınadək olan hissəsində trassa 1,1 km, sonrakı hissədə isə 1,4 kilometr qısalır. Qeyd edilən körpünün tikintisi və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işləri tamamlandıqdan sonra bu yol region üzrə insanların rahat gediş-gəlişini təmin etməklə yanaşı, turizm və kənd təsərrüfatının da inkişafına böyük töhfə verəcək.