Prokurorluq Bərdə xəstəxanasındakı olayı araşdırır

ÖLKƏ
15:18 / 21.04.2021
1628

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimi Xaliq Məmmədovun səhvi üzündən şikəst qaldığını deyən Orxan Talıbovun Baş prokuror Kamran Əliyevə müraciətinə cavab verilib.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən HİT.Az-da daxil olan açıqlamada bildirilir ki, məsələ ilə bağlı araşdırma aparılır. Açıqlamanı olduğu kimi təqdim edirik:

“Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verilməsi səbəbindən ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılmışdır.

Qeyd edilənlərlə bağlı bildiririk ki, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə rayon prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir, həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər-hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir. 
Ekspertizanın rəyinə və digər toplanmış sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir”.

0