Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib və yerində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.
Bu struktur dəyişikliyinin QHT sektoruna nə kimi təsiri olacaq?
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Prezident fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması qeyri-hökumət təşkilatlarının inkişafında mühüm rol oynayacaq: “Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Bu agentliyin yaradılması QHT-lərin, vətəndaş cəmiyyətinin, III sektorun, ölkə ictimaiyyətinin həyatında çox mühüm olan yeni səhifə yaradır. Düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının indiyə qədər əldə etdiyi nailiyyətlər, qazandığı təcrübə və formalaşdırdığı ictimai düşüncə agentliyin timsalında bundan artıq səviyyədə yeni imkanlar qazandı. O təcrübəyə və bazaya əsaslanaraq vətəndaş cəmiyyətinin bundan sonrakı inkişafı ilə əlaqədar çox mühüm bir mərhələ yarandı. Biz, təbii, bir müddət gözləməliyik ki, agentlik, onun müşahidə şurası, əsasnaməsi formalaşsın və sair. Bu bir qədər səbrlə gözləmək tələb edir”.
R.Zeyninin sözlərinə görə, vətəndaş cəmiyyətinin bundan sonrakı inkişafı ilə əlaqədar yeni imkanlar açılır.
“Nazirlər Kabineti tərəfindən birbaşa QHT-lərin layihələri, qrant layihələri ilə bağlı standartların müəyyən edilməsi həm agentlik, həm də vətəndaş cəmiyyəti tərəfindən dəyərləndirilməlidir. Bunların hamısından dövlətimizin, cəmiyyətimizin inkişafı üçün səmərəli istifadə olunmalıdır. O cümlədən, ictimai nəzarətin, şəffaflığın artırılması baxımından bu imkanlardan da istifadə etmək lazımdır. Təbii, QHT-lər, vətəndaş cəmiyyəti çoxdan bu agentliyin yaradılması ilə bağlı Prezident fərmanını gözləyirdi ki, yeni imkanları dəyərləndirsin və bundan sonra əməkdaşlığı daha da gücləndirsin. Mən həm QHT-ləri, həm də vətəndaş cəmiyyətini yeni agentliyin yaradılması münasibətilə təbrik edirəm. Ölkə Prezidenti tərəfindən o agentliyin idarə olunması üçün təyin olunacaq müşahidə şurasının üzvlərini də öncədən təbrik edirəm, onlara uğurlar arzulayıram. İnanıram ki, agentlik, onun müşahidə şurası və rəhbərliyi gələcəkdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yüksək səviyyədə dəstək verəcək və vətəndaş cəmiyyəti də bu imkanlardan bəhrələnəcək”, - deyə R.Zeyni vurğulayıb.