Aprelin 23-də Azərbaycan Milli QHT Forumunun (MQF) təşəbbüsü, bir sıra QHT-lərin iştirakı ilə qurulmuş MQF İctimai Nəzarət Mərkəzinin “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda ilk onlayn konfransı keçirilib.
HİT.Az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü, bir sıra QHT-nin iştirakçılığı ilə yaradılan MQF İctimai Nəzarət Mərkəzinin 23 aprel 2021-ci il tarixində “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda ilk onlayn konfransı keçirilib. Konfransda bir sıra dövlət qurumları, QHT-lər və KİV nümayəndələri iştirak edib.
MQF-nin prezidenti Rauf Zeyni iştirakçıları salamlayaraq açılışı edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına olan çağırışına əsasən ölkədə ictimai nəzarətin genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Prezidentin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fərmanının imzalanması QHT-lər tərəfindən yüksək qiymətləndirilir və vətəndaş cəmiyyəti adından təşəkkürünü bildirib.
Daha sonra Rauf Zeyni salamlama çıxışı üçün Prezident Administasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Vüsal Quliyevə söz verib.
Vüsal Quliyev ilk olaraq bu konfransın keçirilməsi üçün öz təşəkkürünü bildirib. Bildirdi ki, cəmiyyətin bütün sahələrində islahatların keçirildiyi, mühüm iqtisadi dəyişikliklər baş verdiyi bir dövrdə vətəndaşlarımız üzləşdikləri problemləri müvafiq qurumlara bildirməkdə cəkinməməlidir, bu prosesdə QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır. Bundan başqa ictimai nəzarət təşkilatları da öz fəaliyyət prinsipini yüksək səviyyədə təşkil etməli, bu prosesə nüfuzlu ziyalıları, ictimai-siyasi xadimlərin, fəal həyat mövqeyi tutan vətəndaşların iştirakı ilə müzakirələr təşkil edilməlidir, bu baxımdan keçirilən bu konfransı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Belə ki, Vüsal Quliyev ictimai nəzarətin ölkədə əhəmiyyətindən danışaraq bildirib ki, ictimai nəzarəti güclü olan dövlətin məmurları daha məsuliyyətli hiss edirlər, işlərini daha düzgün yerinə yetirirlər və mövcud problemlər həllini daha tez tapır. Bu da dövlətin inkişafında önəmli rol oynayır.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Səbinə Əliyeva salamlama çıxışını edib. Səbinə Əliyeva konfrans iştirakçılarını salamlayaraq bildirib ki, bu konfrans cəmiyyətimiz üçün olduqca aktual məsələləri əhatə edir, dövlət idarəçilik aparatında nəzarət mexanizminin olması əsas şərtlərdən biridir, ictimai nəzarət dövlətin diqqət mərkəzindədir və bu ictimai nəzarətin təmin olunması üçün vətəndaş cəmiyyəti institutlarından dəstək istəyir. O, həmçinin QHT-lərin bu prosesdə fəaliyyətini İnsan Hüquqları üzrə Müvəkkil olaraq dəstəklədiyini bildirib.
Konfransın gedişatında bir sıra dövlət qurumları – Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Nadir Adilov çıxış edərək müvafiq mövzuya dair öz fikirlərini qeyd ediblər.
MQF Nəzarət Mərkəzinin bu konfransının məruzəçiləri Fikrət Yusifov və Eyyub Hüseynov mərkəzin yaranmasının və fəaliyyətinin əhəmiyyətini bildiriblər. Fikrət Yusifov ölkənin iqtisadi sahələri barədə çıxış edərək bir sıra problemləri iştirakçıların diqqətinə çatdırıb. Eyyub Hüseynov istehlakçı hüquqlarının müdafiəsi sahəsində bir çox məsələnin həllinin vacibliyini vurğulayıb.
Konfrans iştirakçılarından Novella Cəfəroğlu, Qorxmaz İbrahimli, Səadət Bənənyarlı, İlham İsmayılov, Əhməd Abasbəyli, İradə Rzazadə, Əhməd Qəşəmoğlu, Azər Əliyev, Zemfira Ağayeva, Varis Yolçuyev, Ruslan Atakişiyev, Məhsəti Hüseynova, Ruslan Quliyev, Eynulla Xeyrullayev, Qalib Nəbiyev, Tapdıq Abbas, İsrayıl İsgəndərov, Mehdi Mehdiyev, Vamiq Babayev cəmiyyətin mövcud problemləri və ictimai nəzarətin təmin olunmasına dair öz fikirlərini bildirərək çıxış ediblər.
Yekunda Səbinə Əliyeva və Vüsal Quliyev tədbir iştirakçılarına ictimai nəzarət sahəsində irəli sürdükləri fikirlər və bu sahədə göstərdikləri fəaliyyətə görə öz minnətdarlıqlarını bildiriblər. Rauf Zeyni bildirdi ki, burada qeyd edilən təkliflər və məsələlər MQF İctimai Nəzarət Mərkəzinin diqqətindədir və bu mərkəz QHT-lərin birgə iştirakçılığı, dövlət qurumlarının əməkdaşlığı ilə ictimai nəzarətin təmin olunmasında geniş fəaliyyət göstərəcəkdir.