Sumqayıtdakı ağac qalmaqalına aydınlıq gətirildi - FOTO

ÖLKƏ
16:40 / 27.04.2021
938

HİT.Az-ın Sumqayıt şəhəri, Nərimanov küçəsi 3-cü məhəllə ünvanında ağacların kəsilməsi ilə bağlı xəbəri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən redaksiyamıza daxil olan açıqlamada deyilir. 

Xidmətin Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyevin sözlərinə görə, aparılan araşdırma zamanı məlum olub ki, sözügedən ünvanda bir neçə il bundan öncə dörd qovaq ağacı güclü külək nəticəsində aşıb və Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb:

“Regional Ekologiya İdarəsinin əməkdaşlarının nəzarəti altında Birliyin işçiləri tərəfindən sözügedən ərazidə aşmış ağacların yerinə bu gün yeni ağacların əkilməsi təmin edilib”.

Xatırladaq ki, 3-cü məhəllənin sakinləri ağacların bəzi işbazlar tərəfindən kəsildiyini bildirmişdi. Onların sözlərinə görə, həmin ərazidə yerləşən binaların birinci mərtəbəsində müxtəlif təyinatlı obyektlər fəaliyyət göstərir. Ağaclar həmin obyektləri görünməz etdiyinə görə kəsildiyi qeyd edilmişdi. 

VÜQAR

 

0