Azərbaycan Yüksəliş Partiyasının təşəbbüsü, Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzinin təşkilatçılığı, Azərbaycanın siyasi partiya liderlərinin və fəallarının iştirakı ilə “28 aprel istilası fonunda müasir təhlükələr və çağırışlar” adlı zoom-konfrans keçirilib.
HİT.Az xəbər verir ki, giriş sözü ilə çıxış edən AY Partiya Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov tədbirin məqsədi barədə məlumat verib, 28 aprelin Azərbaycanın işğal tarixi olduğunu xatırladıb.
Tədbirin moderatoru, AY Partiyanın Siyasi Heyətinin üzvü Aygün Muradxanlı mövzu ilə bağlı qısa fikirlərini bildirib, çıxışçılara söz verib. O, çıxışların əlifba sırası ilə olacağını diqqətə çatdırıb.
Çıxış edən Müsavat Partiyasının Başqanı Arif Hacılı 27 aprel 1920-ci il tarixindən öncə dünyada bir qarışıqlığın hökm sürdüyünü bildirib, I Dünya Savaşının yeni bitdiyini xatırladıb. Arif Hacılı deyib ki, həmin gün Azərbaycanda Müsavat Partiyasından başqa bütün qüvvələr hakimiyyətin inqilab komitəsi adlanan işğalçı quruma təhvil verilməsini dəstəkləyib. O, Mircəfər Bağırovadək Azərbaycanda Kommunist Partiyasının rəhbərlərinin hamısının erməni olduğunu xatırladıb, əlavə edib ki, 27 aprel işğalından sonra müsavatçılar, istiqlalçılarla yanaşı, bolşeviklərin Azərbaycana gəlişini bayram edənlər də repressiyalara məruz qalıblar: “10 noyabr 2020 bəyanatı ilə 27 aprel istilası arasında bənzərliklər var”.
Vətəndaş və İnkişaf Partiyası Sədrinin siyasi məsələlər üzrə müavini Ağəli Qaçayev Rusiyanın hər zaman Azərbaycanı işğal etmək niyyətinin olduğunu bildirib: “Müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı şəhərləri rus işğalına məruz qalıb. Bu təhlükə bu gün də davam etməkdədir. Hakimiyyət daxilində, parlamentdə xaricə işləyən xeyli qeyri-milli qüvvə var. Azərbaycanın milli parlamenti formalaşmalıdır”.
Ədalət Partiyası Sədrinin təşkilati məsələlər üzrə müavini Mütəllim Rəhimli 27 aprel 1920 və 10 noyabr 2020 tarixlərini müqayisə edərək bildirib ki, hər iki tarixdə də rusların Azərbaycana gəlişini bayram edənlər olub: “Ancaq bu tarixlərin heç biri bayram deyil. O vaxt ruslar 114 000 kv.km ərazimizə yerləşmişdilər, 10 noyabrda 3 000 kv.km ərazimizə. Azərbaycanın ən böyük uğuru müstəqilliyidir. Biz partiyalar olaraq, bu durumdan reallığa söykənən bir çıxış yolu tapmalı, bunu cəmiyyətə təqdim etməliyik”.
Ümid Partiyası Başqanının I müavini Taleh Əliyev konfransın adının ikinci hissəsi barədə danışmaq istədiyini bildirib. O, müasir təhlükələr və çağırışlara diqqət çəkərək bildirib ki, təşkil olunan konfrans əslində belə çağırışlardan biri kimi dəyərləndirilməlidir. T. Əliyev əlavə edib ki, Rus İmperiyası hər zaman işğalçılıq siyasəti həyata keçirib. Vladimir Putun Rusiya Federasiyasının başına keçəndən sonra bu siyasət yenidən canlanıb.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu 27 aprelin işğal tarixi olduğunu qeyd edərək, bolşeviklərin həmin tarixdə aldadıcı şərtlərlə hakimiyyəti ələ keçirdiyini deyib: “Sonra isə bu şərtlərin heç birinə əməl olunmadı. 10 noyabrda da müəyyən şərtlər altında gəldilər, amma o razılaşmanı da pozmağa başladılar”.
O, bu məsələ ilə bağlı Azərbaycan və Türkiyə dövlət başçılarına müraciət ünvanlanmasını təklif edib.
Azərbaycan Xalq Partiyasının Sədri Pənah Hüseyn 27 aprel tarixinin qiymətinin 30 il əvvəl verildiyini xatırladıb: “30 il əvvəl bu, işğal faktı kimi qiymətləndirilib. 1920-ci ildə başlayan ilhaq, işğal 70 il davam edib. Məncə, bu mövzunu qapatmaq lazımdı. 27 aprellə 10 noyabrın müqayisəsi hər baxımdan yanlışdır. Sadəcə onu deyim ki, Rusiya heç yerə getməmişdi, ruslar torpaqlarımızın 20 faizini ermənilərlə birlikdə işğal etmişdi.
Məncə, təhdidi tək Rusiyadan gözləmək də doğru deyil. Fransa kimi bir örnək də var. Yəni təhdid hər yerdən ola bilər – demokratik, qeyri-demokratik dövlətlərdən”.
P. Hüseyn əlavə edib ki, bölgədə Türkiyənin mövcudluğu proseslərin gedişatına ciddi təsir edir: “Mən hətta Azərbaycan-Türkiyə- Rusiya ittifaqının qurula biləcəyini yazmışdım. Məncə, Turan təkcə türkdilli dövlətlərdən ibarət birlik olamamalıdır. Yuxarıda dediyim 3-lü ittifaq da Turan modellərindən biri ola bilər”.
Tarix elmləri namizədi Boran Əziz rusların müxtəlif dövrlərdə Azərbaycan ərazilərini işğal edərkən verdiyi zəmanətlərə heç vaxt əmək etmədiklərini vurğulayıb, bununla bağlı faktları diqqətə çatdırıb.
Bütöv Azərbaycan Ocaqları Başqanının Türk dünyası və ideoloji məsələlər üzrə müavini Faiq Ələkbərli 27 aprelin Rusiya hökumətinin işğalçılıq siyasətinin davamı olduğunu diqqətə çatdırıb.
AY Partiya Başqanı yanında Məsləhət Şurasının Güney Azərbaycan Türklərinin məsələləri üzrə təmsilçisi Rza Heyət mövzu ilə bağlı fikirlərini bölüşüb, ictimai-siyasi qüvvələrin məsələyə dair plan-proqramının hazırlanmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirə yekun vuran Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib ki ,bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır: “Birinci aspekt odur ki, Rusiya Federasiyası özünü SSRİ-nin varisi olaraq gördüyünü hər lazım olan və olmayan platformada dilə gətirir. Belə olan halda, biz keçən əsrin 20-ci illərindəki məsələlərin təkrarlanmasının qarşısının alınması üçün hazırlıqlı olmalıyıq ki, bir daha işğal edilməyək. Başqa heç bir siyasət bizi Rusiyanın yenidən qabaran imperial iştahasından qoruya bilməz. Rusiyanın 28 aprel siyasəti tarixə qərq olmayıb, bu gün də aktualdır.
İkinci aspekt Güney Qafqazın vəziyyəti və Rusiyanın bu bölgədəki siyasətidir. Rusiya bu bölgəni demək olar ki, heç bir inkişaf perspektivi təqdim etmədən, ancaq qaba güc və zorbalıq hesabına idarə etməkdədir. Abxaziyanı və Güney Osetiyanı işğal edən, Ermənistanı tamamilə cinayət alətinə çevirən, Azərbaycana hədə-qorxu ilə güc göstərən, sülhməramlı adı ilə Qarabağa yerləşən və yerləşəndən sonra da razılaşmalara əməl etmədən separatizmi gücləndirən Rusiya təhlükə mənbəyi deyil, bəs nədir?”
O deyib ki, Azərbaycanın demokratik qüvvələri bu gün pərakəndə şəkildə iki böyük təhlükənin qarşısında dik durubsa da, nəticə olaraq ortaq məxrəcdə olmadıqlarından dolayı vacib olan effekti əldə edə bilmirik: “Bizim bütün siyasi qüvvələrimiz – sağ və sol cinahda olmasından asılı olmayaraq mütləq daxili konsesnsusa gəlməli və pərakəndəliyi ortadan qaldırmalıdır. Bunun tək yolu əməkdaşlıqdır və bunun alternativi yoxdur. Buna paralel olaraq isə Azərbaycan da dövlət olaraq Türkiyə kimi qardaş və digər dost ölkələrlə inteqrasiyasını gücləndirməli və ölkəmizin inkişaf yolunu qorumaq üçün lazım gələrsə, qoşulmama tərəfsizliyini yenidən gözdən keçirməli, daha mütərəqqi ittifaqlarda yer almalı, bu, olmadıqda isə təcili surətdə Türk Birliyi ittifaqını inşa etməlidir”.