Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) “Betta” dəstəsinin keçmiş zabiti Asif Lətifov hücuma məruz qalıb.
Bu barədə HİT.Az-a Asif Lətifovun özü bildirib. Onun sözlərinə görə, hücum edənlər qonşusu Mirsahib Seyidov və ailəsidir:
“Mən 45 ildir “pivə zavod”un binasında yaşayıram. Mirsahib Seyidov isə bu binaya Naxçıvanın Şərur rayonundan gəlib və 1999-cu ildən məskunlaşıb. Onların üç otaqları var. Daha sonra evlərinin qabağında qanunsuz olaraq əlavə tikinti işi apardılar. Qanunsuz tikinti işlərindən sonra gəlib mətbəximin qabağını tutdular. Bununla bağlı aidiyyatı qurumlara şikayət etdim. Etdiyim şikayətdən sonra bildirdilər ki, sözügedən tikili söküləcək. Lakin dedikləri kimi sökülmədi. Məcburiyyət qarşısında qalıb, 2019-cu ildə Abşeron rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə iddia tələbimi təmin etdi. Çünki, tikinti qanunsuzdur. Eyni zamanda, məətbəxlə bunların olduğu evin arasındakı məsafə 3 metr 20 sm-dir. Bu da tikinti standartlarına ziddir.
Qaz partlayışı olarsa, ilk növbədə məskunlaşdığım evə zərər dəyəcək. Qanunvericiliyə görə, məsafə 9-11 m olmalıdır. FHN və arxitektura komitəsi də tikintinin qanunsuz olduğunu qeyd ediblər. Məhkəmə də iddiamı təmin edib. Qarşı tərəf məhkəmədən narazı qalıb, Sumqayıt Apelyasiya məhkəməsinə verdi. Aprelin 15-də Sumqayıt Apelyasiya məhkəməsi də iddiamı təmin etdi. Onların iddiasını isə rədd etdi. Məhkəmə qanunsuz tikilinin sökülməsiylə bağlı qərar qəbul edib. Məhkəmə qərarından sonra martın 10-da eyvanımın ön tərəfinə hücum etdilər. Eyni zamanda məni öldürməklə də hədələyirlər. Kişiləri gizlənib, qadınlarını isə qabağa verib mənim üzərimə göndərirlər. Mirsahib Seyidovun həyat yoldaşı, qızı və baldızı evimin yanında səs-küy yaradırlar. Bununla bağlı Abşeron Polis İdarəsinə də ərizə ilə müraciət etmişəm. Bildirmişəm ki, evimin kənarında mənim rahatlığım pozulur. Aprelin 25-də səhər saatlarında eyvanımın altında səs-küy olduğunu eşitdim.
Mirsahib Seyidovun həyat yoldaşı əlindəki taxta ilə pəncərimi döyəcləyərək, pəncərinin kənarındakı kafeli qopartdı. Yenə də məni öldürməklə hədələdilər. Mirsahib Seyidovun həyat yoldaşı, qızı, baldızı və kürəkəni Orxan adlı şəxs ağaclarımın ikisini çıxartdılar. Daha sonra da növbəti dəfə ağaclarımı çıxardıb, naməlum istiqamətə aparıblar. Ağacları kökündən çıxardandan sonra həmin yerə kimyəvi maddə töküblər. Bununla bağlı “102” zəng mərkəzinə də məlumat vermişəm. Təhqiqat şöbəsində ərizə yazmışam. Ərazidən şəkillər də çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də gəlib kəsilmiş ağacların şəkilləri çəkilib. Əvvəlcə qarşı tərəf qəbul etmədi. Lakin hər şey video müşahidə kamerasında qeydə alınıb. Hazırda araşdırma gedir. Bundan əlavə onların evinin altından qanunsuz su borusu gedir. Zirzəmi su ilə dolub. Bununla bağlı bina sakinləri də aidiyyatı qurumlara şikayət edib. Digər tərəfdən, pəncərəmin altı metrliyində vəhşi it saxlayırlar. İt səhərə kimi hürür, bina sakinklərini narahat edir. Polisə dəfələrlə məlumat verilib. Eyni binada valideynlərim ikinci mərtəbədə yaşayır. Valideynlərim də polisə şikayət ünvanlayıb. Maraqlısı budur ki, hər iki hücum bazar günləri olub. Görünür ki, bu hadisələr məqsədyönlü şəkildə həyata keçirilib. Çünki, məhkəmə qərarıyla razılaşmırlar. Bildirirlər ki, tikilini məhkəmə qərarıyla söksən, səni öldürəcəyik. Öz vəsaitim hesabına əkdiyim ağaclar çıxarılıb. Mənə maddi ziyan da vurulub. Taxtayla döyərək, pəncərəmin qırağına zərər veriblər. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu şəxslər cəzasını alsınlar”.
Asif Lətifov insidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq onun izahatı alınıb. Şikayətçi həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə yazıb. Bundan sonra qurumun əməkdaşları əraziyə baxış keçirərək akt tərtib ediblər. Həmçinin ərazidəki müşahidə kameralarına baxış keçirilib. Hazırda iş üzrə araşdırma aparılır.
VÜQAR