İtkin düşmüş daha bir hərbi qulluqçunun nəşi ailəsinə təhvil verildi

ÖLKƏ
11:25 / 03.05.2021
1860

Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Hit.Az-a Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilib ki, birgə həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

“İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik”, - Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

0