Mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
HİT.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Mehdiabad Bələdiyyəsinin sədri V.Hüseynov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı isə Biləcəri qəsəbəsinin Vağzalyanı küçəsindəki binalardan birinin həyətində bərk tullantıların qalaqlanması aşkar edilib. Həmin binada yaşayan vətəndaş Y.Rəcəbov barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilərək 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.