“Qarabağ ərazisində tarix boyu erməni olmayıb. Bu səbəbdən də Şuşada erməni kilsəsinin olması mümkün deyil. Bu tarixi faktlarla sübuta yetirilib və ermənilərin bu mövzuda irəli sürdüyü bütün fikirlər əsassızdır. Bizdə olan məlumata görə, bu kilsənin əsası 1806-cı ildən sonra Qarabağ xanlığı ərazisində qoyulub”.
Bunu Oxu.Az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.
O bildirib ki, təkcə Şuşada olan Qazançı kilsəsi ilə bağlı deyil, ümumiyyətlə Azərbaycanın Qarabağ bölgəsində olan Alban xristianlıq dövrünə aid olan abidələr də saxtalaşdırılıb:
“Amma buna baxmayaraq, Şuşa ərazisində Pənahəli Xanın dövründə və ondan sonra baş verən proseslərin tarixi təhlil edilib. Təhlillər göstərir ki, Şuşada həmin bölgə Çar Rusiyası tərəfindən işğal edənə qədər xristian məbədi olmayıb. Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən, Qarabağ xanlığı ərazisində öz qüvvələrini yerləşdirdikdən sonra 1805-ci ildə müqavilə bağlanıb. Bundan sonra həmin bölgədə rus zabitlərinin, əsgərlərinin yerləşdirilməsi faktlarına rast gəlinir. Həmin dövrdə bölgədə xristian kilsəsi olmadığı üçün ruslar tərəfindən zabitlərin ibadəti məqsədilə məbədlər inşa edilir. Həmin tikililər rus pravoslav kilsəsi kimi kiçik bir ərazini əhatə edir.
Tədricən ərazidə aparılan tikinti zamanı bu məbəd də genişləndirilir. İllər keçdikcə Qarabağ ərazisinə ermənilərin köçürülməsi başlanılır. Belə ki, Qarabağ ərazisində Çar Rusiyasının erməni əsilli generalı Mədətovun gəlişindən sonra bu köçürülmə prosesi ilə yanaşı, tarixi abidələrin guya restavrasiyası da aparılır. Nəticədə, rusların ibadət üçün inşa etdiyi Qazançı pravoslav kilsəsi sonralar erməni məbədi kimi fəaliyyət göstərməyə başlayıb. Yəni, ermənilərin iddia etdikləri məbədin konkret olaraq 1868-1887-ci illərdə tikildiyinə dair heç bir fakt yoxdur və bu əsassız iddiadır”.
Ə.Mustafayev onu da əlavə edib ki, tarixdə ermənilərin Qarabağ ərazisinə köçürülməsi faktlarına dair sənədlərə rast gəlirik:
“Daha da keçmişə getsək, I Pyotr 1724-cü ildə ermənilərin Xəzəryanı ərazilərə köçürülməsinə dair fərman verdiyini, lakin bu planın baş tutmadığı da tarixi faktdır. İllər sonra bu köçürmələr müvafiq müqavilələr əsasında həyata keçirilib. Həmin köçürmə nəticəsində 1823-cü ildə kilsə ərazilərinə, eləcə də Gəncəsər monastırı ərazisinə 19 erməni ailəsinin yerləşdirildiyi haqqında məlumat da var. Odur ki, bu ərazilərdə mövcud olan kilsələrin ermənilərə heç bir aidiyyəti yoxdur.
Həmin dini abidələrin restavrasiya prosesindən sonra yanlış məlumatların yayılmasına şərait yarandı. Hətta restavrasiya prosesi sovet dövründə də davam etdirilib. Onu da qeyd edim ki, erməni tarixi abidələri ilə bağlı araşdırma aparan erməni tarixçilərinin əsərlərində də saxtalaşdırmalar öz əksini tapıb. Qarabağda münaqişənin başladığı ərəfələrdə, 1988-ci ildə Moskvada bir qərar qəbul edilir.
Qərar 1988-1995-ci illərdə “Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyətinin sürətləndirilməsi” ilə bağlı olur. Həmin qərarda xüsusi olaraq qeyd olunub ki, Qarabağdakı tarixi abidələrin yenidən düzəlməsi və araşdırılması məsələsinə erməni tədqiqatçılar cəlb olunsun. Bununla da ardıcıl olaraq abidələrin restavrasiyası və saxtalaşdırılması prosesi aparılıb. Ermənilərə aid olmayan bir kilsənin, məbədin onların adına çıxarılması sadəcə dövrün gedişatında aparılan erməni siyasətidir”.