Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yayıb.
Hit.Az xəbər verir ki, mayın 9-da saat 10 radələrində İsmayıllı rayonunun Bizlan kəndində 82 yaşlı Zakir Tapdıqovun və arvadı 66 yaşlı Zərinə Məmmədovanın küt alətlə qətlə yetirilmiş meyitlərinin yaşadıqları evdə tapılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Vüsal Qədirov polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılıb.
Araşdırmalarla onun 1 gün əvvəl babası Zakir Tapdıqovu və nənəsi Zərinə Məmmədovanı qətlə yetirdikdən sonra qardaşı Ş.Qədirova tüfəngdən atəş açması, sonra isə onun evini yandırması da müəyyən edilib.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, hadisə mülk üstündə yaranan mübahisə zəminində baş verib.