1917-ci ildə bolşeviklərin Rusiyada iqtidara gəlməsi ilə ucqarlarda başlayan mərkəzdənqaçma prosesi sürətləndi və çar Rusiyasının pəncəsinə keçmiş əyalətlər bir-birinin ardınca öz müstəqilliklərini elan etdilər. Çarizmin pəncəsəindən qurtulanlardan biri də Azərbaycan idi. 28 May 1918-ci ildə Tiflisdə Qafqaz Canişinliyinin sarayında Azərbaycan Milli Şurasının Sədri Məhəmməd Əmin Rəsulzadənin Müstəqil Azərbaycanın Xalq Cümhuriyyəti qurulması barədə qəbul edilmiş İstiqlal bəyannaməsini elan etməsi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni tarix, çox fərqli bir dövr başadı. Müsəlman Şərqində ilk respublika qurmaq şərəfini yaşamış Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, Aslan bəy Qardaşov, Şəfi bəy Rüstəmbəyli və onlarca başqaları, həqiqətən də, tarixə imzalarını atmış şəxsiyyətlər olaraq adlarını əbədiləşdirdilər. Tarix üçün bir göz qırpımından da qisa zaman ölçüsü olaraq keçən 23 ay onları ölməzliyə qovuşdurdu. Bu gün, Azərbaycanımız başda olmaqla, dünyanın ən mötəbərli yerlərində ucaldılan BAYRAĞIMIZ, oxunan Dövlət Himnimiz, rəsmi gerbimiz Cümhuriyyətimizin baş memarı Məhəmməd Əmin Rəsulzadə və onun məfkurə qardaşlarının xatirələrinə ucaldılmış ən dəyərli monumental heykəllərdir. Cümhuriyyəimizin memarlarının yeri şəhidlərimizin son örtüsü, qızlarımızın gəlinlik duvağı, barışın göyərçini, savaşın qartalı, uğruna ölməyə və öldürməyə hazır olan ər igidlərimizin, Bayrağımızın fövqündə yalnız və yalnız ALLAH olduğuna inananların, milli idraka sahib milyonların ürəklərindədir. Bundan daha mötəbər məkan olarmı?
Siyasi iqtidarlarını möhkəmləndirən bolşeviklər çox keçmədən çarizmin müstəmləkə siyasətinə qayıtdılar. Rusiyadan qurtulmağa macal tapmayan ölkələrin müxtəlif bəhanələrlə yenidən Rusiyaya ilhaqına başlanıldı. Müəyyən mənsəb sahibi ola bilmək üçün bu işdə onlara can-başla qulluq göstərməyə müntəzir olan bəs qədər yerlli “kadrlar” vardı. Yerli “bolşevik”lərə müxtəlif bölgələrdə dayaq nöqtələri yaratmaq, camaat arasında Milli hökumət rəhbərləri haqqında şayiələr yaymaq, onlara olan inamı sarsıtmaq, bolşevizmin bütün yoxsullara rifah və bərəkət gətirəcəyi barədə rəvayətlər uyduqmaq, mümkün olan qədər adamların ümidlərini qırmaq, insanlarda məhkumluq əhval-ruhiyyəsi yaradıb onları hadisələrə seyirçi qalmağı aşılamaq tapşırığı verildi.
İlk günlər Azərbaycan Cümhuriyyətinə böyük ümidlər bəsləyən xalqın güzəranı daha da ağırlaşdıqca, sabaha olan inamları azaldıqca, milli hökumət torpaq islahatlarını qeyri-müəyyən müddətə qədər təxirə saldıqca, narazı kütlənin sayı da hər gün çoxalırdı. O dövrün siyasi elitası arasında mütəşəkkilliyin olmaması da Azərbaycan Cümhuriyyətinin əleyhinə işləyirdi. Məsələn, əsasnaməyə görə, 120 nəfərdən ibarət olası deputat korpusu 23 ay ərzində kompleksləşdirilə bilmədi, parlament iclasının çoxunda yetərsay olmadığından qanun layihələri müzakirə edilib təsdiqlənmədi, bir çox məsələlər Nikolay dövrünün qanunları ilə tənzimlənməkdəydi.
Bütün Azərbaycanın yeganə gəlir mənbəyi olan neft sənayesi iflic vəziyyətə düşmüş, neft emalı zavodları hasilat gücünün ancaq 34,5%-i qədər neft hasil edirdi, mədənlərin əksəriyyəti fəaliyyətini dayandırmış, buruqlarda məzar sükutu hökm sürürdü. (Bax: Каренин А.: Султан Меджид Эфендиев (биографический очерк), Б., Азер. гос. изд., 1963, s. 76). Əhalinin ictimai-siyasi durumunu yaxşı öyrənən, mövcud vəziyyəti fürsət bilən bolşeviklər V. Leninin göstərişi ilə Bakıda fəaliyyətlərini genişləndirməyə başladılar, onlar siyasi opponentlərini nüfuzdan salmaq üçün hər cür vasitəyə, iqtisadi sabotajlardan tutmuş, hərbi təxribatata qədər, müxtəlif hiylələrə əl atır, adamlar arasında antihökumət təbliğatını gücləndirirdilər. Mədənlərdə iş tapa bilib işləyənlərin əmək haqları 1914-cü ildəki əmək haqqının təxminən 18%-i qədər idi. Adamlar arasında milli hökumətə qarşı etimadsızlıq güclənirdi.
1919-cu ilin iyul ayında Bakıda baş vermiş ümumşəhər etiraz mitinqi milli hökumətin təməlini ciddi şəkildə sarsıtdı. Bakıda başlayan narazılıq aksiyaları əyalətlərə də yayılır, onsuz da ağır olan siyasi vəziyyəti daha da mürəkkəbləşdirirdi. Mövcud vəziyyətdən yararlanmağa çalışan erməni daşnaklarının Azərbaycana qarşı düşmən mövqe tutmaları, əhaliyə qarşı genosid siyasətini davam etdirmələri bizim milli hökumətimizi tam bir çıxılmaz mövqeyə sürükləməkdəydi. Milli hökumət müxtəlif partiyalara mənsub millət vəkillərndən təşkil olunduğundan nazirlər kabinet tez-tez baş verən istefalardan iflic vəziyyətə düşmüşdü. Nazirlər arasında çəkişmələr, hökumət üzvlərinin qanunsuz hərəkətləri, gizli fəaliyyət göstərmələri, nəticə etibarı ilə, hökümətin iflasını sürətləndirirdi. Məsələn, III hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsi tutmuş Mirzə Əsədullayev (məşhur milyoner Şəmsi Əsədullayevin oğlu) gizli neft sövdələşməsi apardığına görə Baş nazir Fətəli xan Xoylu istefa vermişdi. (Bax: Гулиев Дж. Б.: Против буржуазной фальсификации истории, Б., 1967,c. 28, s. 163)
1920-ci ilin birinci rübündə Azərbaycan ordusunun, demək olar ki, ancaq adı qalmışdı. Ordu mənsublarının əsas özəyi Qarabağda ermənilərlə döyüşdə vuruşarkən, bir hissə də fərariliklə məşğul idi. Məsələn, 5-ci Bakı alayının canlı qüvvəsinin 60%-i, Birinci süvari alayının 62 %-i, İkinci Qarabağ süvari alayının 75%-i, Üçüncü Şəki süvari alayının 80 %-i, Üçüncü Gəncə piyada alayının 60 %-dən çoxu özbaşına şəkildə ordu sıralarını tərk etmişdi. (Bax: Jörg Baberowski: Der Feind ist überall. Stalinismus im Kaukasus, Berlin,2003, s. 154; П. Дарабади: Военно-политическая история Азербайджана (1917-1920 гг.), Б., 2013, s. 160).
Bolşeviklər 25 oktyabr 1919-cu ildə keçirdikləri partiya konfransında Azərbaycanda siyasi hakimiyyəti hərbi güclə devirmək barədə qərar qəbul etmişdilər. Bu məqsədlə həmin ilin dekabr ayında Mirzə Davud Hüseynovun rəhbərliyi ilə inqilab qərargahı yaradılmış və ciddi hazırlıqlara başlanılmışdı. Rusiyadan Azərbaycana gizli yollarla silah gətirilir, əldə edilən hərbi sürsatlar Çingiz İldırımın göstərişi ilə Nargin (Böyük Zirə adası), Bayıl və Şıx sahillərində gizlədilir, bir hissəsi isə milli hökuməti devirəcək etibarlı adamlara paylanılırdı.
Bu dövrdə erməni daşnakları rus bolşevikləri ilə bərabər hərəkət etmələrini də unutmaq olmaz. 1920-ci ilin Novruz bayramında daşnaklar Şuşa, Xankəndi və Əsgərana hücum edərək, ətraf yerləri ələ keçirməyə çalışdıqları üçün Azərbaycan ordusu ermənilərlə döyüşürdü. Milli hökumət məhdud qüvvəsi ilə bolşeviklərin destruktiv əməllərinin qarşısını almağa çalışırdı. Məsələn, Daxili İşlər naziri Mustafa bəy Vəkilov 15 aprel 1920-ci il tarixli əmri ilə Gəncə, Şamaxı və Ağdamdan Bakıya 100 nəfər əlavə polis qüvvəsi gətirilməsi barədə əmr vermişdi. Həmin gün Xarici İşlər naziri F. Xoylu RSFSR Xarici İşlər naziri G. Çiçerinə rus silahlılarının nə üçün Azərbaycan sərhəddində dayandıqlarının səbəbini öyrənmək məqsədilə vurduğu teleqrama cavab verməyi özünə sığışdırmamışdı.Əliheydər Qarayev isə öz növbəsində Rusiya Kommunist (bolşeviklər) Partiyasının Dağıstan vilayəti üzrə katibi B. Şeboldayevə teleqram vururaraq yaxın vaxtlatda Azərbaycanda siyasi rejimi dəyişəcəklərini bildirmişdi.
26 aprel 1920-ci ildə Azərbaycan kommunistlərinin emissarları Qəzənfər Musabəyov, Həbib Cəbiyev və Anastas Mikoyan bolşevikləri Bakıya gətirmək üçün Azərbaycan-Dağıstan sərhədinə gəldilər, Azərbaycan sərhədlərində hücuma keçmək üçün münasib məqam gözləyən bolşevik ordusuna komandan M. Tuxaçevskinin 52 saylı əmri elan olundu. Əmrə görə, sərhəddə gözləyən ordu 27 apreldə Bakıya hücuma keçəcəkdi. Ertəsi gün səhər tezdən Petrovsk şəhərindən (Mahaçqaladan) Bakıya doğru uçan təyyarə Azərbaycan ordusunun durumu barədə bolşeviklərə kəşfiyyat məlumatları ötürür, Əliheydər Qarayevlə əlaqə saxlayırdı.
Bolşeviklərin malik olduqları 6 zirehli qatardan 2-si Aksay çayı üzərindəki körpüdən keçə bilmədiyindən Bakıya doğru 4 qatar— “III İnternasional”, “Qırmızı Dağıstan”, “Qırmızı Astraxan” və “Timofey Ulyantsev”— hərəkətə başladı. Ə. Qarayevin göstərişi ilə 26 apreldə Bakı- Gəncə telefon xətti kəsilmiş, Biləcər-Keşlə dəmir xətti dağıdılmışdı. Çingiz İldırımın əmri ilə Bayıl başda olmaqla şəhərə hakim yüksəkliklərə toplar qoyulmuş və atəşə hazır vəziyyətə gətirilmişdi. Onun göstərişi ilə 27 apreldə Bakı buxtası, Bayıl hərbi cəbbəxanası, I şəhər polis şöbəsi, hərbi məktəb və kursantlar ələ keçirilmişdilər. Axşama doğru Bakı dəmiryolu vağzalı, Bakı poçtamptı, radiostansiyası, Bakı jandermeriyası və bir sıra mühüm obyektlər də Çingiz İldırıma tabe olan silahlı bolşeviklərin sərəncamında idi. Ç. İldırımın silahlı dəstələri işğal etdikləri hər yerdə cümhuriyyətin milli bayraqlarını cırıb parçalayır, əvəzinə sovet bayraqları asırdılar. Bolşeviklərə lazımı müqavimət göstərə bilməyən milli hökumət Tiflisə, Britaniya ali komissarı Lyuka teleqram vuraraq gürcü hökumətinin Azərbaycan hökumətinə yardım etməsinə və erməni tərəfinin Qarabağda hərbi əməliyyatları dayandırmasına vasitəçilik göstərməsini xahiş etdi. Lakin hadisələr o qədər sürətli vüsət aldı ki, ingilis ali komissarı heç məşvərət iclası da keçirə bilmədi.
27 apreldə gündüz saat 12-də Həmid Sultanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi adından Azərbaycan Cümhuriyyəti hökumət üzvlərinə Spasski küçəsi 11/5 ünvanında (Zərgərpalan) hakimmiyyəti təslim etmək baradə ultimatum verdi. Axşam saatlarında Qırmızı Xəzər Donanması komandanı Çingiz İldırım milli hökumətə öz adından təslim olmaq haqqında təhdidkar ultimatum göndərdi: “2 saata hakimiyyəti bolşeviklərə təhvil verməsəniz, parlamenti başınıza yıxacağam!” Parlamentə qərar qəbul etmək üçün gecə saat 12 tamama qədər vaxt verildiyi, əks təqdirdə parlamentin top atəşinə tutulacağı bildirilirdi. Parlamentin təslim olmaq haqqında iclası 2 saat 40 dəqiqə sürdü və axşam saat 11.25 dəqiqədə başa çatdı. Son iclas başlamazdan öncə hərbi nazir S. Mehmandarov bolşeviklərə silahlı müqavimət göstərməyin mümkünsüzlüyünü bildirmişdi. Məhəmməd Əmin Rəsulzadənin təkidi ilə parlamentin son iclası açıq keçirildi: “Hansı vəziyyətdə qərar qəbul etdiyimizi xalq bilsin”.
Baş nazir M. Hacinski, “Hümmət” fraksiyasının təmsilçisi S. Ağamalıoğlu, “İttihad” fraksiyasının təmsilçisi K. Qarabəyov, “Sosialist bloku” fraksiyası təmsilçisi A. Səfikürdski, “Əhrar” fraksiyası təmsilçisi A. Qardaşov və başqaları müqavimətin mənasız olduğunu bildirdilər.
Parlament 7 şərt daxilində hakimiyyəti bolşeviklərə təhvil verməyə razı olmuşdu. Bu şərtlər arasında Azərbaycanın müstəqilliyinin qorunması, kommunistlərin təşkil edəcəkləri hökumətin müvəqqəti olacağı, milli hökumət üzvlərinə toxunulmazlıq statusu verilməsi vardı. Təslim aktını Azərbaycan Cümhuriyyəti hökuməti adından parlament sədrinin müavini ( vitse spiker) Məmməd Yusif Cəfərov və kanselyariya müdiri M. Vəkilov imzaladı. 1 nəfər Parlamentin təslim qərarının əleyhinə səs vermiş, 3 nəfər bitərf qalmış, 3 nəfər isə səsverməyə qatılmamışdı. Gecə saat 2-də Azərbaycan Cümhuriyyəti Parlamenti de-yure və de-fakto öz işinə xitam verincə yenicə yaradılmış Azərbaycan İnqilab Komitəsi İsmailiyyə binasına sahib oldu. Qeyri-məhdud səlahiyyət sahibi olan inqilab komitəsi – “revkom” – 6 nəfərdən ibarət idi: N. Nərimanov ( sədr), M. D. Hüseynov, Q. Musabəyov, H. Sultanov, A. Alimov və Ə. Qarayev.
28 aprel 1920-ci ildə XI Ordunun “III İnternasional” zirehli qatarı müqavimətlə qarşılaşmadan Biləcərə çatanda Azrevkomun ( Azərbaycan İnqilab Komitəsi ) sədri Nəriman Nərimanov Moskvaya- V. Leninə teleqram vurdu:
“Не имея возможности собственными силами удержать натиск соединённых банд внешней и внутренней контрреволюции, Временный Революционный Комитет Азербайджана предлагает правительству Российской Советской Республики вступить в братский союз для совместной борьбы с мировым империализмом и просит немедленно оказать реальную помощь путём присылки отрядов Красной Армии”
“Azərbaycan Müvəqqəti İnqilab Komitəsi xarici və daxili əksinqilabi quldurların birgə təzyiqinin qarşısını öz gücü ilə almaq imkanına malik olmadığından, Rusiya Sovet Respublikası hökumətinə dünya imperalizminə qarşı birgə mübarizə aparmaq üçün qardaşlıq ittifaqına girməyi təklif edir və dərhal Qızıl Ordu dəstələri göndəməklə real yardım göstərməyi xahiş edir” (Bax: История гражданской войны в СССР, М., 1960, c. 5, s.225). Eyforiyada olan bolşeviklər iqtidara gəldikləri ilk andan başlayaraq Milli Parlamentin irəli sürdüyü 7 şərtin hamısından imtina etdilər.
Belə bir təlatümlü dönəmdə bolşevik Rusiyasi iki dəfə – 02.01.1920 və 23.01.1920-ci ildə – Azərbaycan Xalq Cümhuriyyətinə cənub sərhədlərinin (A. Denikindən) təhlükəsizliyini təmin etməsi haqqında Rusiya Federasiyasının Xarici İşlər naziri Q. Çiçerinin imzası ilə nota göndərmişdi. Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması (11.01.1920), görünür, şimal qonşumuzu çox qıcıqlandırmışdı. 17 mart 1920-ci ildə V.İ. Leninin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi, xüsusən də 16 mart 1920-ci ildə Osmanlı dövlətinin paytaxtı İstanbulun işğalçı müttəfiq dövlətlər tərəfindən (Böyük Britaniya, Fransa və Yunanıstan ) işğalı, demək olar ki, cümhuriyyətimizin siyasi müqəddəratını həll etdi.
“Batuma, türklərə yardıma gedirik” bəhanəsilə müqavimətsiz şəkildə Bakıya daxil olmuş bolşeviklər Həmid Sultanovun vasitəsilə əvvəlcə, Azərbaycan Kommunist Partiyası adından, daha sonra isə Çingiz İldırımın adından Azərbaycan Demokratik Respublikasının Parlamentinə ultimatum vermişdi.
Məhəmməd Əmin Rəsulzadə, əslində, hakimiyyətin bolşeviklərə təslim edilməsini istəmirdi: "Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist fırqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyəti, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq".
Xalq Cümhuriyyəti Parlamentinin sonuncu iclası saat 23.25-də başa çatdı. Fövqəladə səlahiyyətli xüsusi nümayəndə heyəti AXC hökumətinin təhvil aktını imzalayıb salondan çıxanda Parlamentin “Hümmət” fraksiyasından olan Səmədağa Ağamalıoğlu “vəssalam, bazar bağlandı” deyə-deyə avtomobilə minib hökumətin təhvil aktını bolşeviklərin Çəmbərəkənddəki qərargahına apararkən, M. Rəsulzadə üçrəngli bayrağı eyforiyada olan bolşeviklər tərəfindən təhqir olunmaması üçün da özüylə götürmüşdü.
28 aprel 1920-ci ildən 31 dekabr 1922-ci ilədək Ədliyyə komissarı, Əmək komissarı, “Kommunist” qəzetinin redaktoru, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, Bakı quberniyasının Şamaxı qəzası üzrə fövqəladə komissarı, Hərbiyyə və Dəniz komissarı kimi fəaliyyət göstərmiş Əliheydər Qarayev və 28 aprel 1920-ci ildən 1 iyun 1921-ci ilədək Daxili İşlər Komissarı olmuş Həmid Sultanov Azərbaycanda sovet hakimiyyətinin elan olunmasının ilk anlarından M. Rəsulzadənin fiziki cəhətdən məhv edilməsinə çalışmışdılar.
Bolşeviklər sözdə milli hökumət üzvlərinə toxunulmazlıq hüququ verəcəklərini vəd etsələr də, əsla öz sözlərini tutmadılar, elə ilk andalardan etibarən onlara qarşı repressiyalara başladılar. Məsələn, 31 may 1920-ci ildə baş nazir Nəsib bəy Yusifbəylini qətlə yetirdilər, bir gün sonra Bakının qubernatoru general-mayor Murad Girey Tlexas, Bakı polismeysteri polkovnik Rüstəm bəy Mirzəyevi, Bakı istehkam rəisi general-mayor İbrahim ağa Usubovu zindana salıb qısa müddətdən sonra güllələdilər.
Bolşeviklərin özbaşınalığına qarşı az sonra Azərbaycanda silahlı qarşıdurmanın artması da bolşevikləri Milli hökumət üzvlərinə qarşı repressiv tədbirlər almağa tələsdirirdi. Məsələn, 25-31 may 1920-ci ildə Gəncədə Cavad bəy Şıxlıniski, Mirzə Məhəmməd Qacar və Cahangir Bəy Kazımbəyovun başçılığı, 6-18 iyun 1920 -ci ildə Zaqatalada Əhmədiyəvin və Molla Nafiz Əfəndinin rəhbərliyi, həmin ilin iyulunda Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında, avqust ayında Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Qaçaq Mayılın başçılığı altında, 18 may- 4 iyun 1920-ci ildə Göyçay qəzasının (Kürdəmir rayonunun) Şilyan kəndində Nuh əfəndinin rəhbərliyi ilə silahlı üsyan baş vermişdir. Şilyan üsyanı amansızlıqla yatırıldıqdan sonra 5 iyun 1920-ci ildə həmin kənddə qurulmuş “hərbi tribunal” 5 üsyançını həqarətlə “yovşan hökuməti” qurmaqda ittiham edərək barələrində güllələnmə hökmü çıxarmış və hökm dərhal yerinə yetirilmişdi…
Gündən-günə artan təqiblərdən və həbsdən qurtulmaq məqsədilə M. Rəsulzadə gizli yollarla Azərbaycanı tərk etmək qərarına gəlir. Məlum səbəblərə görə şimala getmək olmazdı, 1911-ci ildə isə İrandan deportasiya edilmişdi, ermənilər tərəfinə getmək intihara bərabərdi, bircə ümid Gürcüstan tərəfə çıxıb oradan Türkiyəyə keçə bilməyə qalmışdı. 28 aprel 1920-ci ildə Azərbaycanı sovetləşdirən bolşeviklər hələlik Gürcüstanı tutmamışdılar. Polyaklarla savaşda ağır durumda olan bolşeviklər Antantanın dəstəklədiyi Gürcüstan Demokratik Respublikası ilə Moskvada (7 may 1920-ci il) sülh müqaviləsi bağlamaqla kifayətlənmişdilər. Yeri gəlmişkən, sonralar sovet Azərbaycanının rəhbəri olacaq “əziz Sergey Mironıç" – S. M. Kirov – 1920-ci ilin yayında RSFSR-in Gürcüstandakı daimi nümayəndəsi vəzifəsinə gətirilmişdi. Bolşeviklər özlərini bir az möhkəmləndirən kimi, 25 fevral 1921-ci ildə Gürcüstanı da sovetləşdirdilər.
M.Rəsulzadə inandığı adamların köməyi ilə Sarı Ələkbər adında çox etibarlı bir çobanın bələdçiliyi sayəsində qaranlıq gecədə gizli şəkildə Novxanını tərk edib Xızının Gimçi kəndinə, Seyid Zəki ağanın evinə pənah gətirir. Burada ağa öz oğlu ilə bərabər M. Rəsulzadəni Lahıc kəndinə göndərir (Rəsulzadənin kürəkəni Daməd hacı Müslümoğlu o kənddən idi). M. Rəsulzadəni həbs etmək üçün Novxanıya gələnlər onu orada tapmadıqlarından bütün yol boyu, vağzallarda axtarışa başlamışdılar. Bolşeviklərə işləyən yerli sakinlərdən biri (lahıclı Əliabbas Nəsrulla oğlu ) M. Rəsulzadənin Lahıcda olduğunu əlaqədar təşkilata bildirib. M. Rəsulzadə təqibdən qurtarmaq üçün 17 avqust 1920-ci il gecəsi Lahıcı tərk edib Aşıq Bayram kəndinə gedəndə (başqa bir məlumata görə, Qaraməryəmə gedəndə) “sayıq” bolşeviklər tərəfindən həbs olunur və Bakıya gətirilir.
1920-ci ilin iyun ayında İranın Ənzəli şəhərində yaranan İran Kommunist Partiyasının siyasi fəaliyyəti rus bolşevikləri tərəfindən müəyyənləşdirilirdi. Həmin ilin avqust ayının sonlarında M. Rəsulzadə ilə çox səmimi dost olan Heydər xan Əmioğlu Tarıverdiyev (1880- 1921 ) təlimat almaq üçün Bakıdaydı (1920-ci ilin sentyabr ayında Heydər xan Əmioğlu İran Kommunist Partiyasının baş katibi seçilmişdi). Məhəmm Ədəmin Rəsulzadənin həbs olunduğu xəbərini eşidən Heydər xan Əmioğlu dərhal bu barədə İosif Vissarionoviç Stalinə teleqram vurur. ( Bax: رائین اسماعیل، اسناد و خاطرههای حیدر خان عمواوغلی، چاپ اول، ۱۳۵۸، جلد دوم، برگهای ۱۹ ) İ. V. Stalin vəziyyətin ciddiliyini dərk edərək Azərbaycan Respublikası İnqilab Komitəsinin Sədri N. Nərimanova təcili şifroqram göndərir: “До моего приезда не трожьте М.Расулзаде. Наркомнац, член Реввоенсовa И. Сталин. Владикавказ. 01.09.1920 (Mən gələnədək M. Rəsulzadəyə toxunmayın. Milli Məsələlər üzrə Xalq Komissarı, İnqilabi Hərbi Şuranın üzvü İ. Stalin. Vladiqafqaz. 01.09.1920)".
Şifroqramı alan N. Nərimanov Xüsusi Şöbənin rəisi Semyon Pankratova zəng edərək İ. Stalinin əmrini ona çatdırır. Səhəri gün mərkəzi “Kommunist” qəzetində M. Rəsulzadənin Bakı təcridxanasına gətirilməsinin səbəbləri barədə N. Nərimanovun açıqlaması çap olunmuşdu, guya, M. Rəsulzadənin təcridxanada saxlanılması onun təhlükəsizliyini təmin etmək məqsədi daşıyır (? ). M. Rəsulzadənin güllələnməsinə çalışanlar, ilk növbədə, Levon Mirzoyan, Sarkis Danilyan, Baqdasar Ovsepyan kimilər uzun müddət dərk edə bilməmişlərdi ki, M. Rəsulzadənin tutulması barədə xəbəri bu tezliklə İ. Stalinə kim çatdırmışdır.
M.Rəsulzadə ilə İ. Stalin əsrin əvvəllərindən tanış idilər. Rəsulzadələr ailəsi İ. Stalini iki dəfə real ölümdən, bir dəfə də sürgündən qurtarmışdı. Birinci dəfə, 1904-cü ilin dekabr ayının 12-də (həmin ilin 13- 31 dekabr günlərində Bakıda çarizmə qarşı güclü hərəkat olmuşdur) Koba (İ. Stalin 1898-ci ildən özünə Koba təxəllüsü götürmüşdü. Gürcü yazıçısı A. Kazbeqinin 1882-ci ildə yazmış olduğu “Ata qatili” povestindəki xeyirxah qaçaq Koba obrazı Stalinin sevdiyi ədəbi qəhrəman idi) polis təqibindən qurtulmaq üçün qaçıb Novxanı məscidində gizlənmişdi. Bakıda böyük hörmət və nüfuz sahibi olan Axund Hacı Molla Ələkbər (M. Rəsulzadənin atası) onu polisə təslim etməmiş, onun “buraya kənar şəxs gəlməmişdir” sözlərinə inanan polislər ərazidən uzaqlaşıb getmişlər. İkinci dəfə isə, 1908-ci ildə Bayılda Məşədi Kazım adlı qoçu qaba hərəkətinə görə Kobanı bıçaqlamaq ("şoşqalamaq") istəyəndə M. Rəsulzadə Kobanı labüd ölümdən qurtarmışdı. Qoçu Məşədi Kazımın Rəsulzadələrə böyük sayqısı olduğundan, M. Rəsulzadənin sözünü sındırmır və Kobadan əl çəkir. Bir dəfə də (23 mart 1910-cu ildə ) Koba “Qudok” qəzetində çap olunmuş məqaləyə görə Bakı jandarmeriyasına gətiriləndə M. Rəsulzadənin atası ona zamin olmuş və Koba 30 mart 1910-cu ildə Bakı Quberniyası jandarm idarəsinin poruçiki Podolskinin təqdimatına əsasən, 6 aylıq şərti cəzayla yaxasını qurtara bilmişdi.
Qafqazda Denikinin komandanlığı altında hərəkət edən ağqvardiyaçıları məğlub edən İ. Stalin 5 noyabr 1920-ci ildə gözlənilmədən Bakıya gəlir. Dərhal da XI Ordunun Xüsusi Şöbəsinin təcridxanasına gedir. Az sonra Xüsusi Şöbənin rəisi S. Pankratovun kabinetində M. Rəsulzadə ilə İ. Stalinin tarixi qarşılaşması səhnəsi gerçəkləşir. Stalinin əmri ilə Pankratov kabineti tərk edəndə Stalin M. Rəsulzadəyə tərəf gəlir, tanış gürcü şivəsində rusca “Tanımadın? Mənəm – Koba, yəni, Stalin.” deyir. M. Rəsulzadə də “Mən Kobanı tanıyıram, Stalini yox” – deyərək, onunla qucaqlaşır.
Təqribən bir saata qədər ikilikdə söhbət edirlər. Stalinin sözlərindən məlum olur ki, Bakı bolşeviklərinin bir hissəsi onun güllələnməsini, bir hissəsi isə ömürlük həbs olunmasını istəyir. Təkcə Stalin (o özü haqqında həmişə 3-cü şəxsdə danışmağı xoşlayarmış ) düşünür ki, M. Rəsulzadə nə güllələnməyə, nə də ömürlük həbsə layiqdir. Rəsulzadə buradan bir yolluq getməli və Stalinlə bərabər Kremldə işləməlidir. Burada qalarsa, İ. Stalin gedən kimi, onlar bir şey düşünüb M. Rəsulzadəni mütləq şərləyib tutacaq, sonra da “bədbəxt bir hadisənin qurbanı oldu” deyə əsas gətirəcəklər.
M.Rəsulzadə düşünmək üçün vaxt istəyir və İ. Stalinin əmri ilə S. Pankratov ona ayrıca bir otaq ayırır. M. Rəsulzadə bu hissəni özünün məşhur “Stalinlə ixtilal xatirələri” əsərində təsvir etdiyi üçün məsələni təfərrüatı ilə yazmağı lazım bilmirik. 7 noyabr 1920-ci ildə İ. Stalin və M. Rəsulzadə Bakını tərk edirlər. Xüsusi Şöbənin təbiət etibarı ilə çox qorxaq, həm də əzazil olan rəisi S. Pankratov isə özünü ehtimal olunan təhlükədən qorumaq məqsədilə M. Rəsulzadənin Bayıl təcridxanasından təxliyyə edilməsi barədə Stalin tərəfindən imzalanmış əmrin bir neçə surətini çıxartdırıb seyfində saxlayır.
M.Rəsulzadə bir müddət Moskvada işləsə də bolşevik ideologiyasını heç cür qəbul etmir və bunu açıq şəkildə İ. Stalinə bildirir. İ. Stalin də ona “İncil”dən gətirdiyi bir ayə ilə cavab verir: “Кто не со мною, тот против меня – Kim mənimlə deyilsə o, mənə qarşıdır.” (Bax: Евангелие от Матфея, гл. 12, ст. 30 ) Nəticədə, M. Rəsulzadə gizli şəkildə SSRİ-ni tərk edərək Finlandiyaya keçir və uzun sərgüzəştlərdən sonra 1922-ci ilin dekabr ayında İstanbula gəlir. Tərəddüd etmədən İstanbuldan onu rəsmən ölümün pəncəsindən qurtarmış İosif Stalinə məktub yazır.
Qeyd etmək lazımdır ki, M. Rəsulzadənin İ.Stalinə ünvanladığı məktubu eyni ilə 23 yanvar 1923-cü ildə Türkiyədə “Yeni Kafkasya” dərgisin 5-ci sayında nəşr etdirməsi İ. Stalini son dərəcə hiddətləndirmişdir. İ.V.Stalin 16 sentyabr 1923-cü ildə Azərbaycanın siyasi rəhbəri S.M. Kirova (1921-1926 ) – surətləri Xalq Komissarları Şurasının Sədri Q. Musabəyova, Bakı Partiya Komitəsinin katibi R. Axundova, Bakı Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri (1926-1929-cu illərdə Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub ) L. Mirzoyana, Zaqfederasiya Xalq Komissarları Şurasının Sədri M. Oraxelaşviliyə – M. Rəsulzadə ilə bağlı xüsusi teleqram göndərmişdi. Həmin teleqramda tələb olunurdu ki, adları qeyd olunan məsul şəxslər Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası Rəyasət Həyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə qarşı total ittiham və qaralama kampaniyası başlatsınlar, onu “siyasi reneqatlıqda (xəyanətdə ), türklərin özlərinin milli mənafeyinə qarşı çıxmaqda, mülkədarların torpaqlarının yoxsullara paylanmasını gerçəkləşdirməməkdə, müsəlman şərqinin İngiltərənin müstəmləkəsində qalmasına şərait yaratmaqda, mart qırğınında Azərbaycan Purişkeviçi olmaqda, Şamxor talanına təşkilatçılatçılıqda günahlandırsınlar.”
Bəlkə də, M. Rəsulzadəni ölümdən qurtarmış İ. Stalinin hiddətinə səbəb M. Rəsulzadənin məktubda yazdığı son cümlələr olmuşdu: “Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bir zaman onlar Vilsonun ( 1913- 1920-ci illərdə ABŞ prezidenti olub — R.S.) prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.”
Ömründə heç nəyi və heç kimi unutmayan, çox şeyə qadir, həm də olduqca kindar İ. Stalin öz rəqiblərini, hətta öz anasını belə bağışlamağı əsla bacarmadı. Xəstə anasına son dəfə baş çəkmək üçün 1935-ci ilin 29 oktyabrında Tbilisiyə gəlmiş İ. Stalin ondan ayrılan məqamda “Keke, (anası Yekaterina Geladzeyə belə müraciət edərmiş) məni uşaqlıqda niyə o qədər əzişdirirdin?”– deyə soruşmuş, anası da “Soso, (anası yeganə övladını belə çağırarmış) o zaman səni o qədər əzişdirməsəydim, sən indi belə olmazdın”- söyləmişdi.
Qeyd edək ki, İ. Stalin nə anası öləndə, nə də dəfn olunanda (4 – 8 iyun 1937-ci il ) Tbilisiyə getdi. İ. Stalin, anası haqqında təhqiramiz bir ifadə işlətmiş L. Trotskini isə bütün dünya boyu təqib etdirib, nəhayət, uzaq Meksikada öldürtmüşdü ( 21 avqust 1940).
M.Rəsulzadənin 1923-cü ildə “Yeni Kafkasya” dərgisində nəşr olunan məktubu ilə “Azerbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve şimdiki Vaziyyeti” əsəri faktik olaraq, İ. Stalinin 1913-cü ildə nəşr olunmuş “Marksizm və milli məsələ” doktrinasınının cəfəng ideya olmasını sübut edirdi. Qeyd olunan əsərlə XX əsr marksistləri arasında şöhrət tapmış, dünya siyasəti zirvəsinə yüksəlmiş İ. Stalin heç vəchlə M. Rəsulzadənin fikri ilə razılaşmadı, acığını onun ailəsindən aldı. M. Rəsulzadənin evində dəfələrlə duz-çörək kəsmiş “bığlı oğlanın” eqosu ona 13 noyabr 1920-ci ildə Temirxanşurada “İncil”dən gətirdiyi sitatı da unutdurdu: “"И делай справедливое и доброе пред очами Господа, дабы хорошо тебе было – Rəbbin nəzərində ədalətli və xeyirli olanı et ki, sənə yaxşı olsun”.
Azərbaycan Cumhuriyyəti Milli Şurası Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə də o zaman sabiq ruhani seminaristinin qarşısında borclu qalmamış, ona Qurani-kərimlə cavab vermişdi: إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا –“Yaxşılıq və pislik edərsənizsə, özünüzə edərsiniz.” فَإِنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ – “Gerçəkdən də ALLAH yaxşı iş görənlərin əməyini boşa çıxarmaz.”
O hadisələrdən yüz ildən artıq vaxt keçir. Kimin daha ədalətli və uzaqgörən olduğunu əlahəzrət zaman özü müəyyənləşdirmişdir. M. Rəsulzadənin söylədiyi "İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL" fikri bütün dünyanın qəbul etdiyi ideyaya çevrilmişdir.
1920-ci ilin aprel ayının 27-dən 28-ə keçən gecə Milli Parlamentin son iclasından sonra bolşeviklər tərəfindən endirilən Dövlət Bayrağımız uzun müddət milli özünüdərk qabiliyyətinə malik olan ərdəmli soydaşlarımızın ürəklərində qorundu, azadlıq mücahidlərinin röyalarını süslədi, təpərli övladlarımızı milli özgürlük mübarizəsinə yönləndirən sönməz məşəl oldu, qaranlıq beyinlərə işıq saçdı, özgürlük əsgərlərinin yollarına nur çilədi. Cümhuriyyətimizin baş memarı Məhəmməd Əmin Rəsulzadənin böyük uzaqgörənliklə söylədiyi sözlər gerçəkliyə çevrildi: BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! O BAYRAQ indi qürur və əzəmətlə ən mühüm məkanlarda, ən mötəbər yerlərdə şərəflə dalğalanır.
Mənə elə gəlir ki, bu günlərdə Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin ruhuyla bərabər Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun, Azərbaycan Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoylunun, Azərbaycan Cümhuriyyətinin ilk Maliyyə və Xalq Maarifi naziri Nəsib bəy Yusifbəylinin, 28 May 1918-ci ildə Tiflisdə Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq imzalayan Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayevin də ruhu Azərbaycan haqqında bu məşhur misraları pıçıldayır:
“Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı AZƏRBAYCAN!”
Ramazan SİRACOĞLU