Kəlbəcərdəki jurnalistlərin həyatına son qoyan mina yeni basdırılıb?- FOTO/VİDEO

ÖLKƏ
13:57 / 05.06.2021
1576

Kəlbəcərdə mülki vətəndaşların, o cümlədən jurnalistlərin minaya düşmə anının görüntüləri yayılıb. Videoda aydın şəkildə yollarda yamaqlı hissələr diqqət çəkir.

Ötən gündən bəri həmin minanın yaxın günlərdə yoxsa əvvəldən həmin əraziyə basdırılmasına dair suallar səslənir.

Videoya baxdıqda isə həmin yerdə yeni minalanma işləri aparıldığı versiyası daha məntiqli görünür.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan ordusunun hərbçiləri Kəlbəcərdə təminat yollarını minalamağa cəhd göstərərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı.

Hərçənd hadisənin baş verdiyi Susuzluq kəndi erməni diversantların saxlanıldığı Yuxarı Ayrım kəndindən müəyyən məsafədə yerləşir. Lakin diversiya qrupu bu məsafəni də qət etməyə qadirdir: Kəlbəcərin dağlı-meşəli ərazisi buna imkan yaradır. 

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Mənbə: Oxu.az

1