Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşa səfəri siyasi gündəmin əsas müzakirə mövzusudur.
HİT.Az xatırladır ki, Ərdoğan bu gün Şuşada olacaq.
Rəsmi Bakının bu səfərə kifayət qədər ciddi hazırlaşması Türkiyə Prezidentinin Şuşaya gəlişinin sıradan bir addım olmadığını göstərir. Bəzi iddialara görə, Şuşa səfəri Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasının qoyacaq. Ankaranın İkinci Qarabağ savaşında Bakıya verdiyi dəstək Şuşa səfəri ilə kuliminasiya nöqtəsinə çata bilər. Söhbət Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik barədə sazişin imzalanmasından gedir.
Hələ İkinci Qarabağ savaşı dönəmində yerli siyasi analitiklər Bakı və Ankara arasında hərbi müttəfiqlik barədə saziş imzalaması ilə bağlı təkliflər səsləndirilirdi. Türkiyə müharibədə Azərbaycana açıq dəstək versə də, bunun hərbi müttəfqilik səviyyəsində rəsmiləşməsi məqsəduyğun sayılırdı. Bu təklifi səsləndirənlər Qarabağ məsələsində Rusiya faktorunu qabardırdılar. Məlumdur ki, Kreml Qarabağ münaqişəsində maraqlı tərəfdir. Münaqişənin 30 il uzanması və hələ də sona çatmaması da Rusiya faktoru ilə izah edilir. Türkiyə ilə hərbi müttəfqilik Kremlin bu məsələdə Azərbaycana təzyiqlərinin qarşısını almaq üçün optimal variant hesab edilirdi. Hətta Azərbaycanın Türkiyə ilə konfederasiyaya girməsi barədə də təkliflər səsləndirilirdi.
Lakin Bakının davranışları göstərirdi ki, Azərbaycan hakimiyyəti bu məsələdə tələskənliyə yol vermək istəmir. Siyasi analitiklərin fikrincə, Azərbaycan müharibə dövründə bu addımı atmaması heç də Türkiyə ilə hərbi müttəfiqlikdən yayınmaq anlamına gəlməməlidir. Əslində, rəsmi Bakı Rusiyanı qıcıqlandırmamaq, münaqişənin miqyasını böyütməməyə çalışırdı. Bakı fərqində idi ki, Ermənistan da Rusiyanın hərbi müttəfqidir və İrəvan hər vəchlə bundan yararlanaraq Moskvanı münaqişəyə cəlb etmək istəyir.
Artıq müharibə bitib. Azərbaycan Ordusu işğal olunmuş ərazilərin əhəmiyyətli hissəsini azad edib. Ermənistan 10 noyabr razılaşması ilə faktiki olaraq kapitulyasiyaya imza atıb. Ancaq Azərbaycan üçün təhlükə hələ də sovuşmayıb. Qarabağda erməni diversantlarının törətdiyi təxribatlar, Ermənistanda revanşist qüvvələrin yenidən hakimiyyətə gəlmə ehtimalı və bununla Qarabağda növbəti eskalasiyanın başlanması təhlükəsi var. Belə bir məqamda Ərdoğanın Şuşaya səfəri və Azərbaycanla Türkiyənin hərbi müttəfqi olmasının rəsmən bəyan edilməsi Bakının mövqelərini daha gücləndirə bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun üzvüdür. ABŞ Prezidenti Cozef Baydenin "Avropa, Türkiyə və Kanadanı müdafiə etmək bizim üçün müqəddəs vəzifədir" bəyanatı Vaşinqtonun Ankaraya ciddi önəm verdiyini göstərir. Bu halda Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqliyi Bakı üçün əlverişli təhlükəsizlik çətiri hesab edilə bilər.
Müqavilənin imzalanıb-imzalanmayacağına gəlincə, siyasi analitik Azər Rəşidoğlu bunu istisna etmir. Onun fikrincə, Türkiyə ilə hərbi müttəfiqlik Azərbaycan üçün həyati əhəmiyyətli addımdır.
“Türkiyə İkinci Qarabağ savaşında Azərbaycanı tək qoymadı. Məhz Ankaranın dəstəyi Bakının daha inamlı müharibə aparmasına səbəb oldu. Hərbi müttəfqilik sazişinin imzalanması isə Azərbaycanın qələbəsini daha da möhkəmləndirəcək”, - deyə siyasi analitik bildirib.
VÜQAR