Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının 1-ci vitse-prezidenti Asəf Məlikov, vitse-prezidenti və psixoloqu Zülfiyyə Məlikova, Bakı şəhəri Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatı Səbinə xanım Xasayeva, Yasamal rayonu icra hakimiyyətinin nümayəndələri, Yasamal rayonu Gənclər və İdman idarəsinin əməkdaşlarının iştirakı ilə Yasamal rayonunda bir qrup Vətən müharibəsi qaziləri ilə yaşadıqları ünvanlarda görüşlər keçirilib.
Bununla artıq Bakı şəhərinin 6-cı inzibati rayonunda bu görüşlər keçirilir. Görüş zamanı qazilərimizi maraqlandıran məsələlər müzakirə olunub, onlara sosioloji, psixoloji dəstək verilməsi, hüquqi və digər məsələlər üzrə dəstək verilib.
Hər bir görüşün sonunda qazilərimizə, onların yaxınlarına AFFA-nın dəstəyi ilə təqdim edilmiş bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-İsveçrə oynuna biletlər təqdim olunub.
Qeyd edək ki, artıq 3-cü oyundur müharibə iştirakçıları, qazi və şəhid ailələrinə dəvətnamə-biletlər təqdim olunur. Bu oyuna da AFFA-nın dəstəyi ilə 30-a yaxın bilet təqdim edilib.
Bir ünvanda isə qazimiz mobil telefona ehtiyacı olduğunu bildirib və federasiya rəhbərliyi öz telefonunu qazimizə təqdim edib.
Görüşlərin sonunda Yasamal Rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovla görüş keçirilib. Ona qazilərin məişət və digər problemləri barədə məlumat verilib. İcra hakimiyyəti başçısı qeyd olunan məsələlərin araşdırılması üçün müvafiq göstərişlər verib.
İyun ayının 22-ində görüşlər Bakının Qaradağ rayonunda davam etdiriləcək.