Tarif Şurasının qərarı xalqın cibinə girməkdir - Etiraz

ÖLKƏ
13:55 / 01.07.2021
2052

Azərbaycan Yüksəliş Partiyası Tarif Şurasının sonuncu qərarı ilə bağlı etiraz bəyanatı yayıb.

HİT.Az-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Tarif (Qiymət) Şurası növbəti dəfə xalqın onsuz da pandemiyadan dolayı boşalan cibinə girərək, heç bir tutarlı iqtisadi arqument göstərmədən təbii  qazın və elektrik enerjisinin qiymətini qaldırıb, ölkədə uzun zamandır, qarşısı alınmayan bahalaşmaya növbəti dəfə rəvac verib.

"Ciddi cəhdlə ört-basdır etməyə çalışılmasına baxmayaraq, bu qərar əhalinin ən az 70 faizinin onsuz da yaxşı olmayan vəziyyətini daha da ağırlaşdıracaq.

Neft-qaz ölkəsində ümumiyyətlə, qaz üçün vətəndaşdan ödəniş tələb etmək doğru deyil. Kifayət qədər yüksək olan qiyməti növbəti dəfə artırmaq isə konkret olaraq, xalqın cibinə girməkdir. Milyardlarla pul qazanmasına baxmayaraq, dotasiya ilə işləyən bir çox dövlət qurumunun fəaliyyəti həqiqətən araşdırılmalı, ciddi ölçü götürülməlidir. 

Verilən sonuncu qərar, təəssüf ki, xalqın rifahının yüksəldilməsinə hesablanmayıb. Qərardakı gecə-gündüz tariflərinin hesablanmasında mövcud olan qeyri-müəyyənlik gələcəkdə ciddi narazılqlara, yanlışlıqlara yol açacaq.

Daha bir hal qeyd olunmalıdır ki, bu qurumun qiymət dəyişikliyi heç bir halda keyfiyyətin yüksəldilməsi ilə müşahidə olunmayıb ki, bu da verilen qərarların iqtisadi islahatlara aidiyyətinin olmadığının göstəricisidir. Bu qərar inzibati qərardır, talanan milyonları xalqın canından çıxarmaq istəyidir.

Azərbaycan Yüksəliş Partiyası Tarif Şurasının verdiyi anti-xalq qərarı qətiyyətlə pisləyir, hökumətin daha üst qurumlarından bu talanın qarşısının alınmasını tələb edir", - deyə AY Partiya bildirib.

0