Dövlət büdcəsinə yük olan akademiyalar - "Onlar ləğv edilməlidir"

ÖLKƏ
14:12 / 01.07.2021
3016

Deputat Musa Qasımlı universitetlərin yalnız dövlət büdcəsindən maliyyələşməsini yanlış addım hesab etdiyini bildirib. O, Milli Məclisin Elm və Təhsil Komitəsi ilə “Ali təhsil haqqında” Qanun layihəsi üzrə yaradılmış işçi qrupun birgə iclasında deyib: “Nə vaxta qədər universitetlərimiz ancaq dövlət büdcəsinə göz dikəcək? Müəllim auditoriyalara dərsləri necə var deyəcək. Sonra bir problem olanda da universitet rəhbərləri deyəcəklər ki, dövlət büdcəsindən az vəsait ayrılır”.

Onun sözlərinə görə, universitetlər bu yolla narazılıqları özlərindən uzaqlaşdırıb, dövlətə yönəldəcəklər.

“Mənim düşüncəmə görə, bu, yanlışdır və biz bundan ötrü də çox ciddi düşünməliyik”, - deyə deputat əlavə edib.

Mövzu ilə bağlı HİT.Az-a danışan iqtisadçı alim Nazim Bəydəmirlinin fikrincə isə, dövlət universitetləri büdcədən maliyyələşməli və Azərbaycan vətəndaşları həmin ali təhsil məktəblərdə ödənişsiz təhsil almalıdır. 

“Universitetlərdə rəqabətli mühit yaradılmalı, onların reytinqinin yüksəlməsinə çalışılmalı və həmin ali məktəblərdə təhsil alan xarici vətəndaşların sayı artırılmalıdır”, - deyə iqtisadçı alim bildirib.

Nazim Bəydəmirli həmçinin qeyd edib ki, bu sahədə ciddi monopoliya var. Xüsusilə özəl universitetlərə diqqət azdır. Orada dövlət sifarişi ilə təhsil alanların sayı kifayət qədər aşağıdır. 

“2009-cu ildə Milli Məclisin iclasında mən bu məsələyə toxunmuşdum. Ondan sonra “Xəzər” və “Qafqaz” universitetlərinə dövlət sifarişləri başlandı.

Yeri gəlmişkən, həmin vaxt apardığım araşdırmalar nəticəsində məlum olmuşdu ki, dövlət qulluğuna qəbuldan ali təhsili olanların cəmi 2 faizi keçə bilib.

Ona görə də mən demişdim ki, universitetlər təhsil vermir, diplom satır. Başqa bir məsələ, dövlət universitetlərində də ödənişli təhsil var. Vətəndaşlar təhsil almaq üçün pul ödəyirlər. Bəs pullar hara gedir? Hər halda universitetlərin kommunal xidmətləri büdcə hesabına həll olunur. Səhv etmirəmsə, o zaman ayrılan vəsaitin məbləği 138 milyon manat təşkil edirdi”, - deyə iqtisadçı alim əlavə edib.

Müsahibimiz başqa bir maraqlı məqama da toxunub: “İndi, demək olar ki, hər nazirliyin özünün ali təhsil ocağı var və onlar da büdcədən maliyyələşir. Bu, nəyə lazımdır? Dövlət Gömrük Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və s. qurumların akademiyaları fəaliyyət göstərir. Hesab edirəm ki, həmin akademiyalar ləğv edilməlidir. Bu həm büdcə üçün yükdür, həm də əlavə problemlər yaradır. Başqa universitetlərdə eyni sahədə təhsil alanlar həmin qurumlarda iş tapa bilmir, çünki onların öz akademiyaları var. Bu, çox yanlış siyasətdir”.

İqtisadçı alim Azərbaycan Milli Elmlər Akademiyasının da ləğv olunmasını təklif edir. “Elm və təhsil bir mərkəzdən idarə olunmalıdır. AMEA isə ən yaxşı halda qeyri-hökumət təşkilatı kimi fəaliyyətini davam etdirə bilər”, - deyə Nazim Bəydəmirli vurğulayıb. 

VÜQAR

0