Ramil Həsən Ucarda seçiciləri ilə görüşdü - FOTOLAR

13:06 / 07.07.2021
1814

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 07 iyul 2021-ci il tarixində Ucar rayonuna seçiciləri ilə görüşmək üçün səfər edib.

HİT.Az xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin deputatı ilk öncə Ümümmilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib, dualar oxunub.

Milli Məclisin deputatı Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva və partiya fəalları ilə bir araya gəlib, qarşıdan gələn Qurban bayramı münasibətilə onları təbrik edib, gələcəkdə həyata keçiriləcək işlər və fəaliyyətlə  bağlı fikir mübadiləsi aparıb.

Milli Məclisin deputatı Ramil Həsənin Ucar rayonundakı görüşləri 7-8 iyul tariclərində iki gün ərzində davam edəcək.

Deputat öncə pandemiya tələblərinə uyğun olaraq Ucar rayon Heydər Əliyev Mərkəzində  seçiciləri ilə bir araya gəlib onların təklifləri, tələbləri və şikayətləri ilə bağlı dinləmələri həyata keçirəcək. Daha sonra Ucar rayonunun kəndlərində səyyar görüşləri çərçivəsində Alpout kənd 1 saylı orta məktəbinin bağında Alpout, Qarabörk, Qaradağlı və Çiyni kəndlərinin vətəndaşları ilə görüşlər keçiriləcək.

08 iyul tarixində isə Ucar rayon Gənclər Evində açıq havada təhsil işçiləri və gənclərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ucar rayonundan Milli Məclisə deputat seçilmiş Ramil Həsən hər ay mütəmadi olaraq seçicilərlə bir araya gəlir, onların tələbləri, təklifləri və eyni zamanda qarşılaşmış olduqları problemlərlə bağlı dinləmələr həyata keçirir və qanunvericiliyə uyğun formada əhalinin haqlı tələblərinin yerindəcə həll olunması, müvafiq qurum və strukturlara çatdırılması ilə bağlı aktiv şəkildə fəaliyyət göstərir.

0