Keçmiş deputat qardaşını satdı: Pulları o mənimsəyib

ÖLKƏ
15:07 / 07.07.2021
3121

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə sabah növbəti məhkəmə prosesi keçiriləcək. 

HİT.Az-ın əldə etdiyi məlumata görə, sabahkı prosesdə zərərçəkənlər ifadə edəcək. Eyni zamanda, onların şikayətlərini geri götürüb-götürməmək istədikləri soruşulacaq. Adının çəkilməsini istəməyən zərərçəkənlərdən biri açıqlamasında bildirib ki, onlar şikayətlərini geri götürmək niyyətində deyillər: 

“Biz sona qədər mübarizəmizi davam etdirəcəyik. Rafael Cəbrayılov neçə ildir ki, bizi yollarda qoyub. O bizdən qəpik-quruş almayıb ki, şikayətimizi geri götürəcək. Külli miqdarda pulumuzu mənimsəyib. Biz o pulları borc götürüb Rafael Cəbrayılova vermişik. Ona görə də pulları qaytarmağı tələb edirik və edəcəyik”. 

Əldə etdiyimiz başqa bir məlumata görə, ötən prosesdə Rafael Cəbrayılov baş verənlərə görə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Keçmiş deputat iddia edib ki, borc aldığı şəxslərin pullarını qardaşı mənimsəyib. 

Rafael Cəbrayılov həmçinin bildirib ki, digər qardaşı Rauf Cəbrayılov və bacılarının əmlaklarını o alıb. 

“Rafael Cəbrayılov dedi ki, onların əmlakı olmayıb.  Onun sözlərinə görə, guya onları ev-eşik və var-dövlət sahibi edən özü olub. İndi o, həmin əmlakları geri tələb edir. Deyir ki, qaytarsınlar, satıb borclu olduğum şəxslərin pulunu verim”, - deyə mənbə bildirib. 

Rafael Cəbrayılovun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş deputat onlardan toplam olaraq 2 milyon 571 manat pul alıb.

Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rafael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

VÜQAR

2