İyulun 8-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər üçün imtahan keçirilib.
Təhsil Nazirliyindən HİT.az-a bildirilib ki, imtahana 3 min 291 namizəd dəvət olunub. Namizədlərdən Cəmilə Ağamirzəyeva və Cəmilə Əliyeva 60 bal toplayıb.
İbtidai sinif üzrə imtahanlar iyulun 9-da və 12-də davam etdiriləcək.
Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.