Deputat Ramil Həsən gənclərlə görüşdü - FOTO

ÖLKƏ
20:17 / 10.07.2021
1629

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən Ucar rayonuna səfəri çərçivəsində növbəti görüşünü Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla xanım Abdullayeva ilə birgə Heydər Əliyev Mərkəzinin həyətində Ucar rayon gəncləri ilə açıq havada keçirib.

HİT.az xəbər verir ki, görüşdə Ucar rayon Gənclər Evinin direktoru Elamin Dibirov açılış edərək, gənclərin Milli Məclisin deputatı ilə görüşə gəlməyindən böyük məmnunluğunu ifadə etdi. Gənclər Evinin və gənclərin həyata keçirmiş olduğu işlər, layihələr, bir çox çətinliklərə baxmayaraq gənclər üçün yaradılmasına çalışılan şəraitlə bağlı məlumat verdi. Çıxış edən gənclər qeyd etdilər ki, Gənclər Evinin öz vəsaitləri hesabına binanın zirzəmisində idmanla məşğul olmaq istəyən gənclər üçün müəyyən şərait yaradılması müsbət hal kimi qarşılansa da təbii ki, yetərli deyildir.

Azərbaycan çempionu Məmmədli Kamal və digər gənclər rayonda asudə vaxtın təşkili, gənclərin işlə təmin olunması, Ucar rayon gənclərinin paytaxta və ölkəmizin başqa regionlarına üz tutmasının qarşısını almaqla bağlı müxtəlif tədbirlər görülməsinin, Ucar rayonunda İdman Mərkəzinin, stadionun tikilməsinin vacibliyini vurğuladılar və Milli Məclisin deputatından bu istiqamətdə köməklik etməsini xahiş etdilər.

Milli Məclisin deputatı Ramil Həsən də öz növbəsində Ucar gənclərinə bu gün görüşə gəldikləri üçün təşəkkür edərək onların hər bir fikir və düşüncələrini diqqətlə dinlədiyini və qeydlər apardığını , bu məsələnin ən yaxın zamanda Milli Məclisin tribunasında gündəmə gətirəcəyini, dövlətin müvafiq qurumlarına bununla bağlı müraciətlər edəcəyini nəzərlərinə çatdırdı və şübhəsiz ki, o da gənclərlə razılaşdı ki, həm Ucar rayonunda gənclərin asudə vaxtının təşkili ilə bağlı böyük çatışmazlıqların olması , İdman kompleksinin və yaxud Olimpiya kompleksinin olmaması, hətta adi, sadə bir futbol idman növü ilə məşğul olmaları üçün Ucar rayon gənclərini qonşu Göyçay və Ağdaş rayonlarına getməsinə məcbur edir. Belə bir çətinliklərin qarşısını almaq və gənclərin Ucar rayonunda yaşayıb işləmələrini təmin etmək üçün həm yeni iş yerlərinin yaradılması, həmçinin Respublika əhəmiyyətli bir neçə müəssisənin Ucar rayonunda salınması ilə bağlı təkliflər verdiyini diqqətə çatdıraraq bu məsələni daima gündəlikdə saxlayacağını və ən yaxın gələcəkdə idman qurğularının və stadionun Ucar rayonunda ərsəyə gətirilməsi ilə bağlı əlindən gələni edəcəyini vurğuladı.

Sonda Ucar Gəncləri adından Gənclərlə səmərəli əməkdaşlığa və gənclərə göstərmiş olduğu xüsusi diqqətə, dəstəyə və qayğıya görə Milli Məclisin deputatı Ramil Həsənə Ucar rayon Gənclər Mərkəzinin Sədri Elamin Dibirov bir daha öz minnətdarlığını ifadə elədi və gənclərin adından təşəkkür əlaməti olaraq "Gənclərin Dostu” mükafatını təqdim etdi.


 

0