Azərbaycan Yüksəliş Partiyası yaranmasının 1-ci ildönümündə proqramından irəli gələn müddəaların həyata keçirilməsi, təşkilati məsələlərdə, siyasi arenada partiyanın rəhbər şəxslərinin və üzvlərinin daha peşəkar fəaliyyətinin təmin edilməsi məqsədilə müxtəlif mövzularda treninqlərə başlayıb.
HİT.Az xəbər verir ki, treninqlər əsasən, media-siyasi partiya münasibətləri, ziyalıların, qadınların, gənclərin siyasi həyatda rolu, partiyaların seçkilərə hazırlığı, dövlətin xarici siyasətində partiyaların əhəmiyyəti və digər mövzuları əhatə edir.
Bu gün keçirilən ilk təlimdə “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı “Siyasi partiyalar – media münasibətləri: tarixdən bu günə”, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı “Siyasi partiyaların seçkiyə hazırlıq proqramları necə hazırlanır və tətbiq olunur?”, siyasi ekspert Nazim Cəfərsoy “Siyasi partiyaların dövlətin xarici siyasətində daşıdığı missiya”, yazıçı İlqar Rəsul “Siyasi partiyaların fəaliyyətində aydınların rolu və missiyası” mövzularında məruzə ilə çıxış ediblər.
Akif Aşırlı Azərbaycanda siyasi partiyaların mətbuat orqanlarının formalaşdırılmasının tarixindən danışaraq, ötən əsrin əvvəllərində gizli fəaliyyət göstərən siyasi qurumlar və nəşrlərdən bəhs edib. Baş redaktor Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əksəriyyətinin qələm adamı, yazar olduğuna diqqət çəkib. O, günümüzdə mətbuat və siyasi partiyaların münasibətlərinə toxunub.
Akif Aşırlı mətbuatın və partiyanın mövcud olması, fəaliyyətini davam etdirməsi üçün xalqın dəstəyinə ehtiyac olduğunu vurğulayıb: “Onların hər ikisinin mövcudluğunun qalnağı xalqdır. Xalqın dəstəyi olmadan mətbuat və partiya yaşaya bilməz. Bu baxımdan mətbuat xalqı inandıracaq, nüfuzunu artıracaq materiallar yaymalı, partiyalar da xalqı inandıracaq vədlər verib, hakimiyyətə gəldikdə bu vədləri yerinə yetirməlidir ki, gücünü xalqdan alsın”.
Bəşir Süleymanlı siyasi partiyaların seçkiyə hazırlığı barədə məruzə edib. O bildirib ki, Azərbaycanda lazımsız qurum kimi qəbul edilən bələdiyyə əslində inkişaf etmiş ölkələrdə çox önəmli yer tutur: “Çünki xalqla, seçici ilə ən yaxın təmasda olan qurum bələdiyyədir. Bələdiyyə vətəndaşların müraciətlərinə baxılması, problemlərinin həll edilməsi sahəsində ən işlək mexanizmdir”.
Bəşir Süleymanlı qeyd edib ki, partiyaların seçkilər zamanı bütün seçki dairələri əhatə etməsi vacib deyil. Partiyalar elektoratını güclü ərazilərə üstünlük verməlidir. O bildirib ki, seçki zamanı partiyalar müşahidə qrupu, seçki sənədləri ilə işləyəcək komanda və səslərin sayılıb- qorunması ilə məşğul olacaq dəstələrini formalaşdırmalıdır.
Nazim Cəfərsoy dünya yaranandan insanlar üçün üç amilin – nəsil artırma, təhlükəsizlik və refahın ön planda olduğunu bildirib. Siyasi ekspert qeyd edib ki, dünya inkişaf etdikcə bu üç amilin gerçəkləşməsi üçün vasitələr, mexanizmlər, fəaliyyətlər dəyişsə də, təməl olaraq, nəsil artırma, təhlükəsizlik və refahın təmin olunması hədəfi dəyişməyib. Nazim Cəfərsoy dünyada dəyişməyən tək şeyin dəyişim olduğunu vurğulayıb.
İlqar Rəsul ziyalılığın ali təhsil, mütaliə ilə əlaqələndirildiyini xatırladaraq bildirib ki, əslində əfəndilik insanın daxilində, beynində olmalıdır. Onun sözlərinə görə, siyasətçilər ölkəsinin quluna da sahib çıxmalıdır: “Hesab edirəm ki, partiyalar öz ziyalılarını yetişdirib, yaratmalıdır”.
Treninqə Başqanlıq Heyəti, Siyasi Heyət, Baş Məclis və Mərkəzi Nəzarət Təftiş Komitəsinin üzvləri qatılıb.
Yüksəliş Partiyasının rəhbər şəxsləri və üzvləri üçün müxtəlif mövzularda təlimlər davam edəcək.