Mandatı ləğv edilmiş deputatlar - Eldəniz Səlimov da onlardan biri ola bilər

ÖLKƏ
11:55 / 31.07.2021
3200

Proseslər Milli Məclisin 55 saylı Xaçmaz şəhər dairəsindən deputatı Eldəniz Səlimovun mandatdan məhrum ediləcəyinə doğru aparır. Deputatın iyulun 29-da Xaçmazdakı “Starıy Dvor” restoranında polis əməkdaşına zor tətbiq etməsi ilə bağlı Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri aparılır.

Bununla paralel, hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi deputat mandatı daşıyan Eldəniz Səlimovun hərəkətlərinə qiymət verilməsi üçün Milli Məclisin İntizam komissiyası avqustun 2-də toplanacaq. Avqustun 3-də isə parlamentin bu məsələyələ bağlı növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur.

Artıq Baş prokuror Kamran Əliyevin deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verdiyi də bildirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.
Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.
Daha sonra məsələ plenar iclasa çıxarılır. Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır.
Deputatı toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səslə qəbul edilir.

Deputat toxunulmazlığına xitam verildikdən sonra Eldəniz Səlimov barədə cinayət işi açıla və həbs edilə bilər.

Müşahidələr Eldəniz Səlimovla bağlı proseslərin onun deputat mandatından məhrum edilməsinə doğru getdiyi göstərir.

Bəs deputatlar hansı hallarda mandatdn məhrum edilə bilir?
Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatlığından məhrumetmə və deputat səlahiyyətlərinin itirilməsi Konstitusiyanın 89-cu maddəsində təsbit olunub:

Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi:

 I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

Xatırladaq ki, bundan əvvəllər də bir sıra deputatların səlahiyyətlərinə xitam verilib. Amma səbəblər müxtəlif olub.
 
Modern.az saytı əvvəllər səlahiyyətlərinə xitam verilmiş deputatların adlarını dəqiqləşdirməyə çalışıb.

Deputat səlahiyyətlərinə xitam verilmiş parlament üzvlərindən biri 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əli Əhmədov olub.
O, 2013-cü il oktyabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini vəzifəsinə təyin edilib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Ona görə də 2013-cü ilin noyabrın 12-də Mərkəzi Seçki Komissiyası deputat Əli Əhmədovun mandatına xitam verib.
 
IV çağırış Milli Məclisin üzvü olmuş Mübariz Qurbanlı 21 iyul 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən onun deputat səlahiyyətlərinə xitam verilib.
Qanunda da göstərilib: Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.

Asəf Hacıyev də deputat mandatı ləğv edilmiş sabiq parlamentarilərdəndir. Onun deputatlıq fəaliyyətinə 2015-ci ildə xitam verilib. Asəf Hacıyev 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilib. Bundan sonra o, könüllü olaraq, deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət edib. Asəf Hacıyev vaxtilə parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edib.

Mandatdan məhrum edilmiş keçmiş deputatlardan biri də Gülər Əhmədovadır. 2012-ci ilin sentyabrında ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayevin yaydığı videoda deputat mandatı ilə bağlı bazarlıq faktı ölkədə ciddi səs-küy doğurmuşdu.

E.Abdullayev iddia edirdi ki, G.Əhmədova ona 2 milyon manat qarşılığında Milli Məclisə üzv seçiləcəyi vədi vermişdi.   

2012-ci ilin noyabrında öz mandatından könüllü imtina edən G.Əhmədova bunu istintaqa kömək məqsədilə etdiyini vurğulamışdı.
G.Əhmədovanın müraciəti  MSK-da  səsverməyə çıxarılmış, nəticədə onun deputat mandatı ləğv edilmişdi.

Qeyd edək ki, 2013-cü ilin fevralında Səbail Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İstintaq yekunlaşandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

2014-cü ilin mayında Bakı Apellyasiya Məhkəməsi həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işinə baxıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Və Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Keçmiş deputat Hüseyn Abdullayevin də mandatı əlindən alınıb. Milli Məclisin 2007-ci ildəki yaz sessiyasının iclasında Nazirlər Kabinetinin hesabatı təqdim olunarkən deputat Hüseyn Abdullayevin etiraz çıxışı parlamentdə böyük qalmaqalla nəticələnmişdi. Deputat Fəzail Ağamalının replikasına həmkarı H.Abdullayevin əsəbi reaksiyası onların əlbəyaxa davası ilə sonuclanmışdı. Dava-dalaşdan sonra Milli Məclisin İntizam Komissiyası Hüseyn Abdullayevin işi ilə bağlı sərt qərar çıxardı. Daha sonra parlamentdə mandatdan məhrum olunan deputat barəsində Baş Prokurorluq cinayət işi açdı. 2 aylıq həbsdən sonra azadlığa buraxılan H.Abdullayev daha sonra Almaniyaya getdi, bir neçə il orada yaşadı.

2018-ci ildə sabiq deputat Türkiyədə yenidən həbs edilərək Azərbaycana gətirildi.

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanıb.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənovun sədrliyi ilə aparılan prosesdə keçmiş deputat Hüseyn Abdullayevə 6 il həbs cəzası kəsib.
 
110 saylı dairədən deputat seçilmiş Hikmət Atayev avtomobil qəzasında həlak olduğuna görə, onun mandatı ləğv edilib.  H.Atayev 2006-cı ildə 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdi. 7 mart 2013-cü ildə Hikmət Atayevin idarə etdiyi "VAZ-2106" markalı maşın Gürcüstandan Balakən istiqamətindəki yolda "VAZ-21015" markalı avyomobillə toqquşmuşdu. Nəticədə Hikmət Atayev aldığı xəsarətlərdən hadisə yerindəcə ölmüşdü.

2003-cü ildə keçirilən prezident seçkiləri sonrası Bakıdakı Azadlıq meydanında müxalifət qüvvələrilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmanın nəticəsi o zamankı deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə üçün çox ağır olmuşdu. Həmin vaxt həbs edilən İqbal Ağazadəyə "kütləvi iğtişaş" maddəsi ilə cinayət işi açılmış, toxunulmazlıq hüququ əlindən alınmış və mandatdan məhrum edildikdən sonra həbs olunmuşdu.

Bir il davam edən məhkəmə prosesindən sonra 22 oktyabr 2004-cü il tarixdə Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə İ.Ağazadə 3 il müddətinə həbs olunmuşdu. İqbal Ağazadə 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad edilmişdi.

Daha bir deputatın mandatdan məhrum edilməsinə 2005-ci ildə şahidlik etmişdik. Həmin il parlament seçkiləri ərəfəsində - oktyabr ayında Azərbaycanda dövlət çevrilişnə cəhd ittihamı ilə bir sıra yüksək rütbəli məmurlar həbs edildilər. Bunların sırasında iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyevlə yanaşı, Milli Məclisin deputatı Fikrət Sadıqov da var idi. Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Fikrət Sadıqov uzun illər bu şəhərin kimya zavodlarına rəhbərlik etmişdi. Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum etdi.

Ardınca mandatdan məhrum olunan F.Sadıqov bir müddət ev dustağı edildikdən sonra ictimai diqqətdən kənarda qaldı. O, hazırda təqaüddədir.

1
Modern.az