Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.
"Report" xəbər verir ki, yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.
Qrupu hava limanından Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yola düşüb.