Laçınlıların boğazında qalan “kal armud” - Aqil Nəzərli Laçının əsas problemidir…

ÖLKƏ
12:20 / 02.08.2021
3715

Bəzi rayonların icra başçıları rəhbərlik etdikləri rayon əhalisinin əsas problemlərinə çevriliblər. Aparılan islahatların həmin rayonlardan kənar qalması isə təbii olaraq bu rayonlarda hakimiyyətin dəyişən və yenilənən kursuna qarşı inamsızlıq formalaşdırır. 

Bəs niyə islahatlar bu rayonlara qədər inkişaf edə bilmir? 

Bu sualın cavabını biz birmənalı olaraq verə bilməsək də, bir şey aydındır, hələ də xalqın əziyyətlərini, çoxsaylı problemlərini özlərinin qazanc yerləri olaraq görən icra başçılarının iş başında olması islahatların bir çox sahələrə, o cümlədən klançılıq təfəkkürünə təsir edə bilməməsi ilə bağlıdır. Bu üzdən bu gün Azərbaycanın müxtəlif rayonlarında, müxtəlif səviyyələri əhatə edən müxtəlif sahələrdə xalqın boğazında qalan çoxlu sayda “kar armudlar” mövcuddur və bu “kal armudlar” ən yaxşı halda xalqın nəfəs almasına, ıslahatlardan azacıq olsa yararlanmasına imkan vermir.

Birmənalı şəkildə demək olar ki, “kal armudlar”ın qurbanına çevrilən rayonlardan biri də Laçın rayonudur. İşğaldan təzə azad olunan rayon neçə illərdir ki, həm də Aqil Nəzərlini onların boğazına tıxayanlarla mübarizə aparır. Doğma rayonlarına qayıtmağı həsrətlə gözləyən laçınlıların ən böyük narahatlıqlarından biri, bəlkə də birincisi Laçına Aqil Nəzərli ilə birlikdə qayıtmaqdır. Daha doğrusu, Aqil Nəzərlinin başçılıq etdiyi Laçına qayıtmaq laçınlıların ən pis və yaşamaq istəmədikləri kabusu kimidir.

Hələ 2016-cı ildə keçmiş “qaçqınkom” Əli Həsənovun himayəsində olan Akif Səlimovun yerinə Sumqayıtın icra başçısı Zakir Fərəcovun Aqil Nəzərlini icra başçısı gətirmək barədə söz-söhbət ortaya çıxarkən, laçınlıların böyük əksəriyyəti bu namizədə qarşı çıxdılar. Onlar müxtəlif yollarla, o cümlədən mətbuat vasitəsi ilə Sumqayıtın güçlü icra başçısına ismarıc yolladılar ki, boğaza qədər korrupsiyaya saplanan və Zakir Fərəcova yarınmaqdan başqa heç bir hədəfi olmayan Aqil Nəzərlini laçınlıların başına gətirilməsini istəmirlər. Lakin heç bir etiraz Zakir Fərəcovun heç hərbi xidmətdə belə olmayan bu korrupsionerin yüksək dövlət vəzifəsinə gətirməsinə mane ola bilmədi və bilməzdi də. Çünki Zakir Fərəcov üçün daha önəmli olan özünün əsas rəqibi və dövrün oliqarxlarından biri olan “qaçqınkom” Əli Həsənovun Laçına olan təsirlərini əngəlləmək idi. Bu, yüksəlişinin pik dönəmini yaşayan Zakir Fərəcov üçün strateji məsələ idi. Və beləcə laçınlıların etirazlarına baxmayaraq Zakir Fərəcov Aqil Nəzərlinin Laçına icra başçısı təyin olunması üçün hər şeyi etdi.

Sual olunur, bəs Zakir Fərəcov laçınlılar tərəfindən heç də qəbul olunmayan Aqil Nəzərlinin yerinə hər kəsi razı salan başqa bir namizədi müdafiə edə bilməzdimi? Əlbəttə, edə bilərdi. Lakin bu halda Sumqayıtın iddialı icra başçısının Laçın üzərində (daha doğrusu, laçınlılar üzərində) təsiri istədiyi səviyyədə olmayacaqdı. Laçınlıları da razı salacaq başçı gələcəkdə elə laçınlılardan aldığı dəstəklə ona qarşı baş da qaldıra bilərdi. Aqil Nəzərli timsalında ilə isə bu istisna olunurdu. Çünki Aqil Nəzərli müstəqil düşünməyi belə bilməyən, Zakir Fərəcovun böyük korrupsiya maşının hissələrindən biri idi və Aqil Nəzərlinin Laçına başçılıq etməsi, əslində Zakir Fərəcovun başçı olması deməkdi. Və bu beş ildir ki, davam edir…

Beləcə Aqil Nəzərli beş ildir ki, laçınlıların boğazına “kal armud” kimi keçib və onları sadəcə boğur. 5 ildir ki, laçınlıların Aqil Nəzərli ilə bağlı şikayətləri ən müxtəlif instansiyalara gedir, lakin daş divara dəyib geri qayıdır.

Maraqlıdır, laçınlılar iddia edirlər ki, əsas işi Zakir Fərəcovun arxasından sürünmək olan Aqil Nəzərlinin diplomu belə saxtadır. Nəzərlinin qəbul imtahanlarında iştirak etmədiyi isə təsdiqlənib. O, heç hərbi xidmətdə də olmayıb və bu da onun sənədlərində öz əksini tapıb. Buna baxmayaraq Zakir Fərəcov onu əvvəl hakim partiyanın Laçın rayon təşkilatına sədr, daha sonra isə isə Laçın rayon İcra Hakimiyyətinin başçısı təyin etdirə bilib.

Bu arada, Aqil Nəzərlinin qaynatası, keçmiş batalyon komandiri və 2005-ci ildə MTN və Bas prokurorluq tərəfindən keçirilən birgə əməliyyat nəticəsində həbs olunaraq vətənə xəyanətdə ittiham olunan Vaqif Cabbarov hazırda Zakir Fərəcovun biznesini idarə edir. Bu həmin Vaqif Cabbarovdur ki, 2019-cu ildə intihar edən Laçın sakini Müqabil Baxışovun yaxınları onu Baxışovu intihara sövq etməkdə ittiham edirlər.

Qeyd edək ki, Müqabil Baxışov uzun müddət  Aqil Nəzərlinin korrupsioner fəaliyyətinə qarşı mübarizə aparıb və bu korrupsiya faktlarını soial mediyada, mətbuatda işıqlandırıb. 2019-cu ildə intihar edən Müqabil Baxışov ölümqabağı yazdığı məktubda intihar etmə səbəblərini ona olunan təzyiq və təhdidlərlə əlaqələndirərək, onu Aqil Nəzərlinin və Zakir Fərəcovun intihara sövq etdiklərini yazıb. Ölümündən əvvəl isə Müqabil Baxışov sosial şəbəkədə canlı yayım keçirərək həyatının təhlükədə olduğunu bildirərək kömək istəyib. Qeyd edək ki, Müqabil Baxışovun intiharı ilə bağlı bir çox məsələlərə hələ də aydınlıq gətirilməyib və bu intihar hadisəsi laçınlıları hələ də narahat etməkdə davam edir. İntihar hadisəsnin ədalətli şəkildə araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı laçınlılar dəfələrlə etiraz aksiyaları keçiriblər. 

Laçınlıları isə hazırda narahat edən əsas məsələlərdən biri məhz Aqil Nəzərlinin başçı olduğu Laçına geri qayıtmaqdır. Bəzi laçınlılar bunu sadəcə özləri üçün təhqir kimi dəyərləndirirlər. Onlar ümumiyyətlə, Laçının erməni işğalından azad olunmasından sonra Zakir Fərəcovun “işğalı” altına düşməsinə qarşıdırlar və ümid edirlər ki, hansı yollasa onların çoxsaylı şikayətləri ölkə prezidenti İlham Əliyevə çatacaq. Laçınlılar Zakir Fərəcovun “uzun əllərinin” yaratdığı bu əngəlləri məhz mətbuat vasitəsi ilə yarılacağını düşünürlər. Bir çox laçınlı isə düşünür ki, məhz Zakir Fərəcovun yaratdığı əngəlləri aşa bilmək və Aqil Nəzərli ilə bağlı həqiqətləri ölkə prezidentinin diqqətinə çatdıra bilməsi üçün Müqabil Baxışov intihara əl atıb. Lakin göründüyü kimi, Müqabil Baxışovun bu böyük qurbanı da Zakir Fərəcovun xalqla prezident arasında inşa etdiyi divarı aşa bilmədi. 

Buna baxmayaraq laçınlılar heç də ümidsiz deyillər. Onlar inanırlar ki, səsləri bu və ya digər şəkildə ölkə prezidentinə qədər gedib çıxacaq və istər Aqil Nəzərli, istərsə də Zakir Fərəcov yol verdilkəri qanunsuzluq, özbaşınalıq və soyğunçuluğa görə ən ağır şəkildə cavab verəcəklər. 

Sadə laçınlılar məhz bu inamla sabaha baxır və ümid edilər ki, onlar Laçına laçınlılarla birlikdə əlini daşın altına qoyan, onların sevincinə və dərdinə şərik olan, onların problemlərini onlarla birlikdə həl etməyə çalışan, heç kəsin ətəyindən tutmayan gənc bir başçı ilə qayıdacaqlar…

Mənbə: Demokrat.az

5